METBUAT.AZ

Ölkə

Yayda dönər yeyərkən nələrə diqqət etməliyik? -

5 iyn 2023 14:05

İsti havalar yaxınlaşdıqca yediyimiz qidalara digər aylardan daha da ciddi yanaşmağa başlayırıq. Xüsusilə, aclığımızın qarşısını almaq üçün açıq havalarda satılan ayaqüstü qidalar.

Uzaqdan qoxusunu aldıqdan sonra bişirilmə şəraitinə belə fikir vermədiyimiz qidalardan biri də dönərlərdir. 1 manatdan başlayan qiymətlərlə satılan dönərləri anında alıb yemək nə qədər rahatdırsa, zəhərlənmə ehtimalı da bir o qədər çoxdur. Xüsusilə yay aylarında diqqət etməli olduğumuz məqamlar var. Aşağıda sadalayacağımız hallarda dönərdən zəhərlənmə təhlükəsi ilə üz-üzə qala bilərik.

Metbuat.az-a danışan qida üzrə baş mütəxəssis Ağa Salamov qeyd etdi ki, isti və ya soyuq hava olmasından baxmayaraq dönərxanalarda mütləq avadanlıqlar olmalıdır. Çünki dönərin hazırlanmasında istifadə olunan məmulatların soyuducuya qoyulması mütləqdir: "Xüsusi riskli məhsullar - ət, mayonez düzgün mühafizə olmalıdır. Soyuducu mütləq olmalıdır. Bu, ilk şərtdir. Həmçinin mayonez, turşu, xıyarlar xüsusi rəf soyuducularda saxlanılmalıdır".

Ağa Salamov

Qida mütəxəssis qeyd etdi ki, hazırda çarpaz çirklənmə nəticəsində qida zəhərlənmələri olur. Buna səbəb isə dönərçilərin çirkli əllərlə və ya tez dəyişilməyən əlcəklərlə işləməsi, doğrama taxtlarına fikir verilməməsidir.

Ağa Salamov bildirdi ki, ən çox zəhərlənmə toyuq dönərdə baş verir:

"Döndərdə ən çox zəhərlənmə toyuq dönərdə baş verir. Ət ekoli bakteriyası, toyuq isə öldürücü - salmonella bakteriyasının daşıyıcısıdır. Buna səbəb isə toyuğun düzgün şərtlər altında saxlanılmamasıdır. Otaq temperaturunda toyuğun düzgün emal prosesinin getməməsi qida zəhərlənməsinə səbəb olur. Məsələn deyək ki, dönərxanalar deyəcək ki, biz hazır şəraitdə alırıq. Amma bilinmir ki, həmin toyuq hansı şəraitdə daşınıb, daşınan zaman soyuducuda olub, ya yox. Bu məqamlar var ki, qida zəhərlənməsinə səbəb olur. İstehlakçı bunlara nəzarət edə bilmir".

Mütəxəssis vətəndaşlara isti yay günlərində, ümumiyyətlə, həmişə güvəndikləri dönərxanalara getməyi tövsiyə edir.

Gülər Seymurqızı


metbuat.az.