METBUAT.AZ

Gündəm

A

26 iyl 2023 11:13

Ölkəmizdə hələ aşağı siniflərdən xarici dillər tədris edilir, üstəlik bu fənnlərə ayrılan saatlar Coğrafiya, Biologiya, Tarix kimi önəmli fənnlərlə eyni səviyyədə olur. Lakin demək olar ki, məktəbdə hansısa dili heç olmasa orta səviyyədə öyrənən çox az adam tapmaq olar. Ümumiyyətlə, Azərbaycanda gənclərin 2 və 3-cü dil bilmə faizi də yüksək deyil.

Bu gün məktəblərdə xarici dil tədrisinin effektiv olmamasının arxasında hansı səbəblər dayanır?

Metbuat.az bununla bağlı mütəxəssislərin fikrini öyrənib. Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil üzrə ekspert İlqar Orucov deyir ki, həqiqətən də Azərbaycanda xarici dillərin məktəblərdə tədrisi ilə bağlı ciddi problemlər var:

"Müqayisə üçün deyim ki, qonşu Gürcüstanda gənclər xarici dili daha çox orta məktəblərdə öyrənirlər. Eyni zamanda Ukraynada da vəziyyət belədir. Biz bu istiqamətdə düşünməliyik. Ola bilər ki, xarici dil saatlarının artırılmasına, peşəkar xarici dil biliyi olan müəllimlərə, proqramın məzmununun dəyişməsinə və gücləndirilməsinə ehtiyac var.

Bütün məktəblərimizdə xarici dil fənni tədris olunur, böyük əksəriyyətində isə ingilis dili keçirilir. Lakin biz görürük ki, bizim şagirdlərimiz yaxşı səviyyədə ingilis dilində danışmırlar, orta məktəblərdə şagirdlər xarici dili mənimsəyə bilmirlər. Bütövlükdə bu problem aktualdır".

İlqar Orucov əlavə edib ki, müəllimlərin diaqnostik qiymətləndirməsindən sonra xarici dil müəllimlərinin səviyyəsini ölçə bilərik:

"Hesab edirəm ki, bu zaman bir çox məqamlar aydın olacaq. Biz aydınlaşdıra bilərik ki, müəllimlərin xarici dil səviyyəsi nə yerdədir və bundan sonra problemin həlli üçün yekdil qərarlar qəbul edə bilərik. Təbii ki, bu, mənim müşahidələrimin nəticəsidir, araşdırma və ya tədqiqat deyil, lakin görünən budur ki, bu gün bizim məktəblərdə xarici dilllərin tədrisi ilə bağlı problemlər mövcuddur.

Ayrı-ayrı məktəbləri istisna olaraq göstərmək olar. Orta məktəblərdən fərqli olaraq, lisey şagirdlərində bu cəhətdən bilik səviyyəsi daha yaxşı olur. Təbii ki, bu da başa düşüləndir. Liseylərə qəbul xüsusi imtahanlar əsasında keçirilir. Əgər söhbət dövlət məktəblərindən gedirsə, mən hesab edirəm ki, biz xarici dili şagirdlərə mənimsədə bilmirik".

Araşdırdığımız məsələ ilə bağlı saytımıza danışan təhsil eksperti Kamran Əsədov dedi ki, qəbul və buraxılış imtahanlarının nəticələrinə görə, şagirdlər xarici dildən minimum tələbləri ödəyiblər:

"Orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi iki istiqamətdə - əsas və ikinci xarici dil olaraq keçirilir. Ölkəmizdə daha çox tədris olunan xarici dillərə gəlincə, dil öyrənilməsi ilə bağlı ümumi bir tələbat var. Bu tələbat istəsək də, istəməsək də, cəmiyyətin özü tərəfindən formalaşır. Hər birimiz bilirik ki, beynəlxalq aləmə əsas çıxış dili ingilis dilidir. Bu baxımdan ölkəmizdə xarici dillərin tədrisində əsas dil kimi ingilis dili çox böyük üstünlük təşkil edir.

Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85 faizi ana dili fənni üzrə, 57.98 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44.15 faizi, riyaziyyat fənni üzrə isə 42.02 faizi “4” və “5” qiyməti alıb. Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56 faizi ana dili fənni üzrə, 44.16 faizi riyaziyyat fənni üzrə “2” və “3”, ana dili fənni üzrə şagirdlərin 54.44 faizi, riyaziyyat fənni üzrə isə 55.84 faizi “4” və “5” qiyməti alıblarsa, 11-ci siniflər üzrə ortalama qiymətlərdən belə görünür ki, ana dili üzrə 2 qiyməti alanların sayı ingilis dilindən 2 alanların sayından çoxdur. Ana dilindən "5" qiyməti alanların faizi (20.47) isə ingilis dilindən "5" qiyməti alanların faizindən (30.2) daha aşağıdır. Yəni həm IX, həmdə XI siniflərdə şagirdlərin ingilis dilindən nəticələri digər fənlərlə müqayisədə yaxşıdır".

Təhsil eksperti hesab edir ki, ingilis dilinin Azərbaycan dilli məktəblərdə tədrisindəki zəiflik şagirdlərin bu dilə marağını azaldır:

"Hesab edirəm ki, ingilis dilində bölmələr yaratmaq üçün kadrlar lazımdır. Şagirdlərə müxtəlif fənnləri ingilis dilində tədris edə bilən müəllimlər hazırlaşdırılmalıdır. Özəl məktəb tanıyıram ki, dərslərin tədrisi ingilis dilində olan ibtidai siniflər açılsa da, ora 4-5 fənni ingilis dilində tədris edə bilən müəllim tapılmır.

İngilis dilini bilən kadrların yetişdirilməsi vacibdir. İngilis dili dünyaya açılan pəncərədir. Bu dili bilməyən dünyada, Azərbaycanın daxilində də yaxşı karyera qurmaqda çətinlik çəkəcək. Düşünürəm ki, ingilis dilinin ibtidadi siniflərdən bütöv bölüm kimi tədris olunmasına ehtiyac var və bu, Azərbaycanın kadr potensialının inkişafında mühüm rol oynaya bilər. Təhsil müəssisələrində, hətta lazım olan başqa dillərdə də bölmələr açılmalıdır. Ayrıca ingilis bölməsinin açılmasına ehtiyac görmürəm, onun yerinə ingilis dilinin tədrisində keyfiyyəti artırmaq lazımdır.

Dünyadakı universitetlərin çoxunda müxtəlif dilləri, hətta ölü latın dilini öyrədirlər. İtalyan, fransız, alman dillərini keçirlər. Müxtəlif dillərdə təlimin təşkili kütləvi olmur. Lakin burada məqsəd xarici dildə təlim alanların fəaliyyətinin gələcəkdə o dil istiqamətində təşkil edilməsidir. Amma bizdə hansı dildə təhsil almaqdan asılı olmayaraq, mütəxəsisin işsiz qalma və ya qeyri sahədə işləmə ehtimalı böyükdür".

Gülər Seymurqızı / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə dərc olunub.



metbuat.az.