METBUAT.AZ

Gündəm

A

28 iyl 2023 09:24

Deputat Azər Badamov

ABŞ, Qərb və Rusiyanın maraqlarının Cənubi Qafqazda toqquşması Azərbaycan-Ermənistan arasında sülh prosesinə mənfi təsir göstərir. Əslində ABŞ, Qərb və Rusiya Azərbaycanla Ermənistan arasında danışıqların təşkil edilməsi üçün təşəbbüs göstərir. Amma heç bir tərəf Ermənistana sülh müqaviləsinin imzalanması üçün ciddi təzyiq göstərmir.

Sülh müqaviləsinin imzalanması üçün danışıqların vasitəçilər olmadan, ikili formatda keçirilməli olduğunu hesab edirəm. Azərbaycanla Ermənistan arasında birbaşa əlaqə yaratmaq və məsələləri müzakirə etmək üçün bir çətinlik yoxdur. ABŞ və Qərb istəyir ki, özlərinin təşəbbüsü ilə sülh müqaviləsi imzalansın. Amma Rusiya Qərbin təşəbbüslərinə qısqanclıqla yanaşır və Qərbdə keçirilən hər bir görüşdən sonra dərhal Rusiyada növbəti görüşün keçirilməsinə təşəbbüs göstərir. Hətta Qərb tərəfindən təşəbbüs göstərilib görüş keçirilməyə başlayanda Rusiya Ermənistana təxribat ssenarisini işə salınmasına tapşırıq verir və görüşü nəticəsiz saxlamağa çalışır.

Qərb istəyir ki, təşəbbüsü ələ alıb Rusiyanı Cənubi Qafqazdan çıxarsın. Hətta Qərbin nümayəndəsi olan Paşinyan hökuməti Rusiya hərbi bazasının Ermənistandan çıxarılacağı ilə bağlı açıqlamalar verir və KTMT-nin hərbi təlimlərinə qoşulmaqdan boyun qaçırır. Bütün bunlar Rusiya üçün siqnaldır. Rusiya isə Qarabağda separatçılara dəstək verir və ikibaşlı bəyanatlar səsləndirməklə sülh prosesinə kölgə salmağa çalışır.

Düşünürəmki, burada sülhün açarı Qarabağdakı sülhməramlılardır. Nə qədər ki, sülhməramlılar ərazilərimizdə qalacaq, Ermənistan sülh müqaviləsini imzalamayacaq. Ona görə də çalışmalıyıq ki, sülhməramlıları ərazilərimizdən çıxsınlar və ondan sonra Ermənistan özü sülh müqaviləsini imzalamağa yalvaracaq. Bu, sözlə ifadə olunduğu qədər asan bir proses deyil. Amma biz bunu etməliyik və bacaracağıq.



Siyasi şərhçi Aqşin Kərimov

Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün beynəlxalq hərəkətlər postmünaqişə dövrünün reallıqları zəminində ayaq açıq yeriyir. Yəni artıq keçmişdə qalan Qarabağ münaqişəsinin konteksti və məzmunu itib, Azərbaycanın yaratdığı reallıqların mahiyyəti üzərindən kartlar oynanılır. Deməli, Azərbaycan istənilən halda öndədir və sülh prosesini yekunlaşdıran amil kimi ordu gücünü təkmilləşdirir. Azərbaycan üçün sülh və güc tətbiqi ayrı-ayrılıqda yox, bir zəncirin iki mühüm halqası kimi xüsusi önəmə sahibdir.

Bu Cənubi Qafqazda böyük geosiyasi təsirlərdə yerdəyişmələrə gətirib çıxarır, xüsusilə Türkiyə ilə strateji müttəfiqlik prizmasında qlobal aktorlar üzrə qüvvələr nisbətini dəyişdirir. Yaranan tendensiyada aktorlar uduzmaq yox, postmünaqişə dövründən qalib çıxmaq istəyirlər, bu xüsusda əsas rəqabət Qərblə Rusiya arasında gedir. Qərbin iki platformasının – ABŞ və Avropa İttifaqının – gündəlikləri fərqlidir. Vaşinqton prosesə nəhəng qlobal maraqları, Brüssel isə iqtisadi-siyasi əməkdaşlığın faydası kimi baxır. Rusiyanın maraqları həm tarixi, həm də özünün müasir imperiya ambisiyaları çərçivəsindədir.

Bu misallar Azərbaycan-Ermənistan sülh gündəliyinin beynəlxalq oyunçular tərəfindən uzlaşdırılmış mümkün versiyasının hazırlanmasını dalana dirəyir. Hələ bura Avropa İttifaqının Ukraynadakı müharibədən sonra daha çox ABŞ-nin kölgəsi kimi çıxış etməsini, İranın regional təhdidlərini də əlavə etsək, vəziyyətin nə qədər mürəkkəb olduğu görünəcək.

Ancaq sülh danışıqları dalanda deyil, irəliyə doğru addımlayır, danışıqlarda əsas mərkəz Brüssel, Moskva və Vaşinqtondur. Moskva təsirlərini itirmək qorxusu səbəbilə Vaşinqton, Brüssel formatındakı danışıqları sabotaj etməyə, Qərb isə maraqlarını genişləndirməkdən ötrü Moskva mərkəzli müzakirələrin nəticələri ilə barışmamağa davam edəcək.


metbuat.az.