28 iyl 2023 14:24
Qubad İbadoğlu kifayət qədər qalmaqallı şəxsiyyətdir. Çünki onun siyasi keçmişi də həmişə rəngarəng olub və əqidəsində heç vaxt sabit mövqeyə malik olmayan birisi olmuşdur. Nəzərə almaq lazımdır ki, Qubad İbadoğlu əvvəlcə AMİP-də siyasi qalmaqallarda iştirak edib, daha sonra Müsavat partiyasında təmsilçiliyi ilə çox ciddi müzakirələrə səbəb olub. Buna görə də bəzi müsavatçılar Qubad İbadoğlunun Müsavatda başqanlığına qarşı çox ciddi müqavimət göstərmişdilər. Daha sonra isə ADR adlı hərəkat yaratdı. Bu gün də görürük ki, İbadoğlu hərakatın daxilində tam siyasi yekdilliyə nail olmayıb. Son dövrlərdə də mətbuatda ADR üzvlərinin hərakat daxilində demokratiyanın olmamağı ilə bağlı əks fikirlərinə qarşı Qubad İbadoğlunun dözümsüzlüyü ilə bağlı çıxışları mediada geniş rezonansa səbəb olmuşdur.
Əvvəlki dövrlərdə Qubad İbadoğlu tərəfindən BİZ platforması təşkil edildi və görüldü ki, bu platforma təşkil ediləndə də hansısa boğazdan yuxarı siyasi açıqlamalar verilsə də platformanın yaratdığı BİZ TV adlı internet televiziyası da özünü doğrultmadı. Qubad İbadoğlu buteleviziya üzərindən AXCP və müxalifətdəki digərləri ilə qarşıdurmalara getdi. Əslində onun yaratdığı BİZ platforması ilk növbədə müxalifətin daxilində olan ziddiyyətləri və intriqaları daha da dərinləşdirdi. Ona görə də bu tip konsensusu bacara bilməyən və öz siyasi ambisiyaları naminə yaratdığı, guya müstəqil kimi təqdim etdiyi sosial media platformalarını şəxsi mənfəət vasitəsinə çevirən adamların siyasətdə uğur qazanması mümkün deyil.
Bundan başqa Qubad İbadoğlu ADR-i formalaşdırdıqdan sonra da siyasi aləmdə nə qədər naşı və bacarıqsız olduğunu nümayiş etdirdi. Əvvəlcə hərakat kimi ADR-i yaratsa da sonra partiya qərarı verdiyini söylədi, sonra yenidən partiyanı hərakata çevirdi. Və nəhayət bu ilin may ayında yenidən partiya kimi formalaşacaqlarını bildirib. Bir təşkilat rəhbəri kimi özünü təqdim edən şəxsin bu tip siyasi dəyişiklikləri də beynəlxalq-siyasi terminalogiyalarda, həmçinin beynəlxalq hüquqda ciddi qəbul edilmir.
Qubad ibadoğlunun məhz təşkilatın içərisində avtoritarlıq yaratmağa çalışması çox ciddi formada parçalanmaya səbəb oldu. Məsələn, tanınmış həkim, keçmiş müsavatçı Adil Qeybulla nümayişkaranə şəkildə ADR-i tərk etdi. Səxavət Əlisoy və Naxçıvandaki ADR üzvləri olduqlarını bildirənlərin bir çoxu da sonradan Qubad İbadoğlunu kəskin tənqid edərək onun yanından uzaqlaşdılar. Yəni öz tərəfdarları, eyni zamanda öz hərakatı içərisində normal bir siyasi nüfuzu olmayan şəxsin hansısa ciddi siyasi hərakatlanmadan danışması, hansısa siyasi ortaya cəhdlər etməyə çalışmağı kənardan da kifayət qədər gülüş obyektinə çevrilmələrinə səbəb olur.
Bu gün Qubad İbadoğlunun həbsi məsələsi ətrafında ölkəmizə qarşı növbəti dezinformasiya hücumları həyata keçirməyə çalışırlar. Bu prosesin başında da dayanan təşkilatların bir çoxu erməni pullarının əsirinə çevrilmiş və 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktoruna göz yuman təşkilatlardır. Bunlardan biri olan Human Rights Watch təşkilatı uzun illər ərzində Azərbaycan torpaqları işğalı faktoru, Ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən böyük soyqırım aktlarına səssizlik nümayiş etdirən təşkilatdır. Bu tip qonqo təşkilatların isə bu gün Qubad İbadoğlunun dırnaqarası müdafiəsi ilə guya məşğul olması bizdə təəccüb doğurmur.
Ümumiyyətlə Qubad İbadoğlunun həbsi ətrafında siyasi mənzərə yaratmaq cəhdləri fiyaskodur. Qubad İbadoğlunun həbsi ilə bağlı rəsmi qurumların məlumatı var. DİN konkret cinayət əməlinə görə bu prosesi həyata keçirib. Hal-hazırdaistintaq gedir və bu baxımdan Qubad İbadoğlu ətrafında hansısa siyasi gündəm yaratmaq istintaqa təsir etməyə çalışmaqdır ki, bu da kobud hüquq pozuntusudur.
Elşad Mirbəşiroğlu
Millət vəkili