21 iyl 2023 15:31
ANS-in keçmiş rəhbəri Vahid Mustafayev dünən vəfat edən jurnalist Natəvan Babayevdan yazıb.
Metbuat.az xəbər verir ki, o, sonuncu dəfə Onkologiya mərkəzinə aparıcı ilə görüşə gedib:
"Bu səhərim Qənirə Ataşın mənə yolladığı mesajla başladı: Natəvanın halı yaxşı deyil..." Mənim məlumatıma görə, o Türkiyədə malicədə olmalı idi. Qənirə ABŞ ilə vaxt fərqinə görə suallarıma cavab vermirdi və mən dərhal Böyük Sevaya zəng etdim. Seva da Natəvanın Türkiyədə olduğunu təsdiqlədi və məlumatı yoxlayandan sonra bildik ki, artıq bu gün Natəvan Bakıya gətirilib... Dərhal Onkologiya Mərkəzi ilə əlaqə saxladıq və Natəvanın yanına getdik. Şəxsən mən onu bu gün gümrah gördüm. Daim səliqəli, özünə, üst-başına diqqətli olan Natəvan idi qarşımda. Çox oturduq, danışdıq, xatırladıq və ümidsiz baxışlarımızın vəhdətində inam üçbucüğı yaratmağa çalışdıq. Ölümdən danışmadıq, həyatdan danışdıq, daha doğrusu, Natəvanın son aylar qara kölgələr dünyasındakı həyatından. Lakin bu kölgələr içində diri, işıqlı adamlar da var idi və Natəvan onlara qovuşacağı göylər qədər minnətdar olduğunu bildirdi... Sanki istəyirdi bu məlumatları hamıya yaysın, sanki bu onun son diləyi idi.
Bir anlıq gözləri bağlandı... Necə də gözəl idi bu qaranlıqla daim mübarizə aparan, ağrıyan canının tam enerjisini toparlayaraq yenidən açılan bu böyük, işıqlı gözlər. Dik baxdı mənim gözlərimə: "Vahid müəllim, anam mənə bacı verməsə də , ANS mənə bacı verdi. Əfsanə Mehdiyeva, Fidan Quliyeva və Qənirə Ataşova mənim bacılarımdır. Onlarla nəfəs alıram, sözün hər iki mənasında. Qardaşlarım, ailə üzvlərim bu mücadilədə mənə çox dəstək oldular".
"Ağzı qurumuşdu, çarəsiz, pəncərəyə söykənərək bizim söhbətimizə qulaq asan, qızarmış gözlərinin yaşını gizlədə bilməyən həyat yoldaşından su istədi. Etibarın xüsusi qayğı ilə ona uzatdığı qara boru ilə fincandan bir qurtum şəffaf su içəndən sonra davam etdi: "Düz deyirdiniz, Vahid müəllim. Mübariz Mənsimov kişi adamdır. Mənim bütün müalicəmin dəyərini o ödədi... Mənim Türkiyyəyə getməyimin də səbəbi məhz bu oldu - burada bir prosedur 1500 azn, vacib dərmanlar 3000 azn... Əzizlərimi bu qədər əziyyətə sala bilməzdim. Mübariz müəllim isə Türkiyədə bütün müalicəmi boynuna aldı və mənə həqiqi mənada həyat verdi... Vahid müəllim, Sizə də həyatım boyu mənə etdiklərinizə görə dərin təşəkkürümü bildirirəm!"
Kövrəldi... Dərhal mövzunu dəyişdim:
- Natəvan, mütaliə edirsən? Oxuduğun kitab var indi?
- Xeyr, Vahid müəllim, gözlərim ağrıyır bir az. Hacı Şahinin xütbələrini dinləyirəm əsasən.
- Sənə audio kitablar yollayaram. Mark Tvenin gözəl kitabları var. Özünü qoru! Allah köməyində olsun! Nə lazım olsa, dərhal zəng et! Yanındayıq. Döyüş Alnınıza yazılıb 2/216 unutmamısan ki?
Mənə baxıb gülümsədi...
Vidalaşdıq. Asif Abbasov, Natəvanın həkimi, yerlisi, qayğıkeş və gözəl həkim onkoloq məni öz kabinetinə dəvət etdi və dedi ki, vəziyyət kritikdir. Çox danışdıq, sanki o balaca kabinetdə güclü və sanballı ifadələrlə Natəvana şəfa tapmaq istəyirdik, amma bu dəfə sözlər və imkanlar heç nə dəyişmədi. Kontaktlarımızla bölüşdük və çıxdıq...
İşə çatana qədər Natəvanın o təbəssümü mənim gözümün qarşısında idi. Söz verdiyim Mark Tvenin kitabını tapdım - ilk səhifəsində "ƏN YAXŞI MÜƏLLİM ZAMANDIR, AMMA ÇOX TƏƏSSÜF Kİ, TƏLƏBƏLƏRİNİ ÖLDÜRÜR..." ifadəsini oxudum və Natəvanın son təbəssümünün mənasını anladım.
Əlvida, mənim mübariz bacım. Allah sənə rəhm elədi.
P.S. Söhbət əsnasında birdən mənə Jurnalistlər evindəki mənzilini satıb, Badamdarda torpaq aldığını və birmərtəbəli ev tikdiyi barədə danışdı. Bir anlıq fikrə getdi...
- Etibar, kanalizasiyanı düzətdilər?
- Hə, Natəvan narahat olma, özüm yoxlamışam, su yaxşı axıb gedir...
Natəvan rahatladı. Başını aşağı saldı, sonra birdən qaldırıb dedi:
- İn şa Allah sağalım, gedib orda yaşayacağam. Öz evim, öz həyətım...".