METBUAT.AZ

Ölkə

Azərbaycan Xalq Cəbhəsi Partiyası nazirlikdən mənfi cavab aldı

20 iyl 2023 11:17

Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyinə qeydiyyatla müraciətinə mənfi cavab alıb. Bu barədə Partiya sədri Əli Kərimli deyib.

Metbuat.az xəbər verir ki, sədr feysbuk hesabında qeyd edib ki, nazirlik bildirib ki, 2497 nəfər barədə məlumatlar düzgün göstərilməyib:

"Ən yaxşısı Ədliyyə Nazirliyi vaxt təyin etsin, biz də 5 min nəfər cəbhəçi ilə gələk toplaşaq nazirliyin qarşısında, onlar da bizi əyani görsünlər və istəsələr, saysınlar. Ədliyyə Nazirliyinin göndərdiyi məktubdakı "çatışmazlıqlar" qeyri-dəqiq və mücərrəd xarakterlidir. Əvvəla, biz nazirliyə təqdim etdiyimiz reyestrdə 5315 nəfər AXCP üzvü haqqında məlumatlar təqdim etmişik. Nazirlik bizə cavabında yazır ki, bizim təqdim etdiyimiz reyestdə guya 5138 nəfər (177 nəfər az) haqda məlumatlar təqdim olunub. Sonra da nazirlik iddia edir ki, reyestrə daxil edilmiş 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən dəqiqləşdirilməlidir. Necə dəqiqləşdirək? Haradan bilək ki, hansı partiya üzvünün məlumatı sizin tərəfdən düz kimi, hansının məlumatı "düzgün göstərilməyən" kimi qəbul olunur? Çatışmazlıq nədədir? ",- Kərimli öz sosial hesabında yazıb".

Partiya sədri bildirir ki, Ədliyyə nazirliyi onların üzvlərinin 119 nəfərini başqa partiyaların üzvü olması, 59 şəxs barədə məlumatların təkrarlandığı, 609 nəfərin AXCP üzvü olmadıqlarını aşkarlayıb: "Ədliyyə Nazirliyi AXCP üzvlərinin reyestrində səhv, çatışmazlıq hesab etdiyi məlumatları dəqiq və ünvanlı göstərməlidir. Bizim bilməyə haqqımız var ki, reyestrə daxil edilmiş partiya üzvlərindən konkret kimlər digər partiyaların üzvü hesab olunub, konkret kimlər AXCP üzvü olmadığını deyib Ədliyyə Nazirliyinə, hansı partiya üzvlərinin adı reyestdə təkrarlanıb",- Kərimli vurğulayıb.

Qeyd edək ki, "Real" və "Müsavat" partiyası da nazirlikdən mənfi cavab alıb. Məlumatların dəqiqləşdirilməsi üçün partiyalara 1 ay vaxt verilib.


metbuat.az.