12 iyl 2023 10:58
Məlum olduğu kimi, Azərbaycanda pensiya yaşı kişilər üçün 65 yaş, qadınlar üçün hazırda 63 yaş 6 ay təşkil edir. Pensiya yaşına qədər vətəndaşın dövlət sistemi ilə pensiya kapitalı formalaşır.
Bəs gələcəkdə pensiya yaşı tamamlanmayan şəxs dövlət sistemi ilə yaradılan kapitaldan vaxtından əvvəl hər hansı məqsədlər üçün istifadə edə bilərmi?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli ilə əlaqə saxladıq. Ekspert qeyd edir ki, Azərbaycanda vətəndaşın dövlət sistemi ilə pensiya kapitalı olur:
"Vətəndaş işlədiyi müddətdə əməkhaqqından pensiya fonduna ödəmələr gedir. Bu ödəmələrin fərdi identifikasiya nömrəsində qeydiyyatı gedir. Bu ödəmələr toplanılır və hər ilin əvvəlində həmin pensiya kapitalı inflyasiyaya əsasən indeksləşdirilir. Pensiya yaşı çatdıqda isə həmin məbləğ 144-ə bölünür. Bununla aylıq pensiyanın həcmi tapılır".
Xalid Kərimli qeyd edib ki, dünya təcrübəsində vətəndaşlar özəl pensiya fondundan istifadə edir. Özəl penisya fondu vətəndaşın maaşından edilən ödənişlərlə yığılan pensiya fondudur. Bu, vətəndaşın könüllülük prinsipi əsasında baş tutur:
"Qərb və Avropa təcrübəsində belə bir təcrübə var. Vətəndaş özəl pensiya fondu ilə müqavilə bağlayır. Bu iş yerinin təşkilatçılığı ilə edilir, amma fonda gedən vəsait vətəndaşın cibindən gedir, yəni əməkhaqqısından tutulur. Vətəndaş dövlət pensiya təminatından əlavə, özünün gələcək yığım, özəl pensiya tədbirlərini həyata keçirir. Dövlətin pensiya sistemində iştirak məcburidir, özəl pensiya fondu isə könüllü prosesdir və ya iş yerinin işçisi üçün yaratdığı əlavə faydalardır. Bu, özəl pensiya qanunvericiliyi olan zaman həyata keçirilə bilər. Bundan başqa, bu sistem o zaman ola bilər ki, bazarda işçi çatışmazlığı yaransın, hər hansı şirkət işçisi üçün özəl pensiya proqramı təklif etsin. Məsələn, işçi 1000 manat maaş alır, şirkət deyir ki, özəl fond üçün 50 manat ödəyirəm. Bu zaman işçi işdən çıxanda dövlət pensiyasından əlavə, həmin özəl fond pensiyasından istifadə edə bilir. Bu tip pensiya sistemində müəyyən qaydalar olur. Vətəndaş fonddakı pulu birbaşa götürə bilər və ya həmin vəsaiti dövlət pensiya sisteminə əlavə edə bilər. Azərbaycanda isə dövlət sistemi ilə pensiya kapitalı mövcuddur".
Azərbaycanda pensiya yaşı tamam olmadan pensiya kapitalından vaxtından əlavə istifadə edilməsinə gəlincə, eksert qeyd etdi ki, hazırda belə bir qayda mövcud deyil:
"Dövlətin müəyyənləşdirdiyi pensiya kapitalında belə qayda yoxdur. İstənilən vaxt vətəndaş həmin vəsaitdən istifadə edə bilməz. Yalnız yaşı çatdıqdan sonra vətəndaş pensiyasından istifadə edə bilər".
Gülər Seymurqızı