METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın beynəlxalq daşımalarda iştirak edən avtomobillərinin sayı

24 iyl 2023 14:08

Xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə "İcazə" blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsinin ləğvindən sonra Azərbaycanın beynəlxalq daşımalarda iştirak edən yük avtomobillərinin sayı iki dəfədən çox artıb.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun yarım illik hesabatına həsr edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, iki il əvvəl Azərbaycanın beynəlxalq daşımalarda iştirak edən avtomobillərinin sayı 3 500-4 000 təşkil edirdisə, hazırda bu göstərici iki dəfədən çox artıb.

"Xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə "İcazə" blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi böyük bir problem idi. Bunun ləğvi bizim daşıyıcıların rəqabətqabiliyyətliliyini artırdı. İndi artıq ölkələr qarşılıqlı şəkildə "İcazə" blanklarını verir", - deyə K. Qurbanov bildirib.

Xatırladaq ki, nəqliyyat vasitələrinə "İcazə" blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi Azərbaycan Prezidentinin 29 mart 2023-cü il tarixli fərmanına əsasən ləğv edilib.


metbuat.az.