METBUAT.AZ

Ölkə

Azərbaycanlı kriminal avtoritetlə bağlı

18 iyl 2023 11:22

Çexiyanın ədliyyə naziri Pavel Blazek Gürcüstan vətəndaşı olan kriminal avtoritet Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında əmr imzalayıb.

Metbuat.az "Reporta" istinadən xəbər verir ki, bunu Çexiyanın “Pravo” qəzeti yazıb.

Əslən azərbaycanlı olan P.Ömərovun yaxın bir neçə gün ərzində ekstradisiya prosesi həyata keçirilməlidir. Barəsində beynəlxalq axtarış qərarı olan kriminal avtoritet yanvar ayında Çexiyada saxlanılıb və o vaxtdan həbsdədir.

P.Ömərovun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib.

Praqa Şəhər Məhkəməsi mayın sonunda P.Ömərovun ABŞ-a, o cümlədən Gürcüstan və Qazaxıstana ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb. Bu ölkələr də onun cinayət məsuliyyətinə cəlb olunması üçün Çexiyadan ekstradisiyasını tələb ediblər.

Çexiya mətbuatı yazır ki, P.Ömərov Rusiya və Ukraynadakı azərbaycanlı icmalarına qarşı terror törədən mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.


metbuat.az.