10 iyl 2023 09:05
“Azərbaycan Hava Yolları”nın Bakı-Naxçıvan marşrutu üzrə J2-2257 reysini həyata keçirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı yaxınlığında əlverişsiz hava şəraiti ilə (güclü yan külək) əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Təyyarə saat 01:45-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra saat 05:10-da Naxçıvana yola düşüblər.
Qeyd edək ki, hava proqnozuna əsasən, yaxın iki gündə (iyulun 10-u və 11-i) Naxçıvan ərazisində güclü külək gözlənilir. Bununla əlaqədar olaraq, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə reyslərin təxirə salınması və ya vaxtının dəyişdirilməsi hallarının təkrarlanması ehtimalı istisna edilmir.