METBUAT.AZ

Ölkə

Baş redaktorlar Azərbaycan mətbuatının hazırkı durumundan

22 iyl 2023 09:53

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür.

Metbuat.az bu münasibətlə baş redaktorlarla mətbuatın hazırkı durumundan danışıb.

Oxu.az saytının baş redaktoru Ülvi Səfərov:

"Mətbuat heç vaxt olmadığı qədər dinamikdir. Bəzən 24 saat xəbər vermək üçün bəs etmir. Amma xəbərlərin hazırlanması, üslub və mahiyyəti fərdə görə dəyişir. Həm oxucu, həm də xəbəri hazırlayan jurnalistə görə. O ki qaldı ümumi yanaşmaya, jurnalistika üçün ancaq və ancaq yaxşı şeylər arzulaya bilərik. Ümid edirik ki, xəbər yükü olan, ictimai-siyasi həyatda söz sahibi olan qurumlar və şəxslər daha çox əlçatan olacaq. İstənilən halda arzu və istəklərimiz medianın daha da inkişaf etməsi istiqamətindədir".

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə

"Bayramı təkcə tort kəsmək, çalıb-oynamaqla qeyd etmək düzgün deyil. Peşə bayramları fəaliyyətimizi saf-çürük etmək üçün bir fürsətdir. Hesab edirəm ki, hər bir peşə sahibi, o cümlədən jurrnalistlər bayram ərəfəsində fəaliyyətlərinə nəzər salmalıdırlar. Bu yanaşma tənqidi olmalıdır".

Seymur Verdizadə bildirib ki, son illər Azərbaycan mətbuatının müsbət dinamika üzrə inkişaf etməsinə baxmayaraq, hələ də bəzi problemlər qalır. Baş redaktor həmin problemləri həll etməyin vaxtının çatdığını bildirib: "İP uğrunda amansız rəqabət tədricən peşəkarlığı arxa plana keçirir. Oxucu "ovlamaq" üçün qeyri-peşəkar ənənələrə baş vurmaq düzgün deyil. Kütlənin arxasınca sürünmək mətbuatın vəzifəsi deyil. Mətbuat maarifləndirici missiasindan uzaq düşməməlidir. Adını saytlarda oxuduğum Afət, Nəfəs, Turkan kimi gərəksiz müğənnilərin ayaqqabılarının ölçülərindən yazmaqla cəmiyyəti irəli aparmaq olmaz".

Baş redaktor bəzi vəzifəli şəxslərin, yüksək, hətta orta ranqlı məmurların mətbuata üstdən aşağı baxmasından təəccübləndiyini bildirib. Jurnalist bunu mətbuatın nüfüzunun sürətlə aşağı düşməsi ilə əlaqələndirib: "Mətbuatın məmurlardan asıllılığına birdəfəlik son qoymaq lazimdir. Bunun yolu isə güclü maddi-texniki bazaya sahib olmaqdan, yüksək gəlir əldə etməkdən keçir. Jurnalist yüksək nəvacib almalıdır ki,onun gözü kiminsə əlində olmasın".

"Bakıvaxtı.az" saytının baş redaktoru Qabil İbrahimoğlu:

"Azərbaycan Milli Mətbuatı 148 ilini tamamladı. 148 ildə böyük və şərəfli bir yol keçən Azərbaycan mediası xalqımızın inkişaf tarixində özünəməxsus yer tutur. Əsası görkəmli maarifçi və pedaqoq Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatı bu gün özünün inkişaf mərhələsini yaşayır. Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1995-ci ildən hər il iyulun 22-si Milli mətbuatın yaranması günü kimi qeyd olunur.

Danılmaz faktdırki, Azərbaycanda söz, fikir, mətbuat azadlığının inkişafı məsələsi daim diqqət mərkəzindədir. Dövlət mətbuatın inkişafı üçün bütün addımları atır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, sonradan isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalaması və onun əsasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılması ölkədə mətbuatın inkişafı istiqamətində atılan addımlardandır.

Bu gün Azərbaycan jurnalistləri dünya media sahəsində çalışanlardan sosial-mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlətinin ən zəruri addımlar atdığı qələm sahibləri kimi fərqlənirlər. Xatırlatmaq yerinə düşər ki, 2013-ci və 2017-ci illərdə olmaqla iki bina tikilib Azərbaycan kurnalistlərinin ixtiyarına verilib. 3-cü bina isə artıq tam hazırdır. Bəzən bu binanını taleyi ilə bağlı müxtəlif söz-söhbətlər gəzir.Ancaq ümidvaram və əminliklə inanıram ki, Azərbaycan Prezidentinin verəcəyi qərarla yenə də dostlarınının – jurnalistlərin yanında olacaq.
Bütün bunlarla yanaşı, mətbuatımız da müəyyən problemlərlə üzləşir. Birinci növbədə reklam bazarı ilə bağlı problem mətbuarın işinə mənfi təsir göstərir. Ancaq, inanaq ki, yaxın gələcəkdə mətbuatımızlın bu problemi də həllini tapacaq.

Təbii ki, jurnalistika inkişaf etdikcə, bu sahədə qanunvericiliyin də dəyişməsini zəruri edir. Elə buna görə də 1992-ci ildən qüvvədə olan, zaman-zaman dəyişikliyə məriz qalan “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun dəyişilməsinə ehtiyac vardı. Artıq yeni “Media haqqında” qanunumuz var. Öıkə mətbuatının inkişafı təkcə dövlətin deyil, bu sahədə çalışan bütün jurnaluistlərin də vəzifəsidir.Odur ki, hamılıqla səy göstərib yorulmadan, uzanmadan Azərbaycan mətbuatını daha da irəli aparmalıyıq. Prezident İlham Əliyevin dediyi kimi, “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir”. Bu sərvəti qoruyaq. Bu dəyəri qiymətləndirək. Bir daha ölkə jurnalistlərini Milli mətbuatımızn 148 illiyi münasibətilə ürəkdən təbrik edir, hər birinə yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

"Azxeber.com"un redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli:

"Azərbaycan mətbuatını ən böyük problemlərindən biri qeyri-peşəkarlıqdır. Sevindirici haldır ki, MEDİA-nın İnkişafı Agentliyi yaradıldıaqdan sonra mətbuat sahəsində islahatlara start verildi. bu islahatlara cavab olaraq mətbuatımızın saflaşması,sağlamlaşması istiqamətində işlər apardı. Bu gün MEDİA haqqında qanunun qəbul edilməsi, media reyestrinin yaradılmasından sonra biz müşahidə edirik ki, Azərbaycan mətbuatında peşəkar media qeyri-peşəkarlardan ayrılmağa başladı. Eyni zamanda media reyestrinə daxil edilən xəbər saytlar da öz fəaliyyətlərini də məhz peşəkarlıq meyarları əsasında qurmaq istiqamətində işlərini davam etdirirlər. Bu gün mətbuatın durumuna baxanda sosial media və sosial şəbəkəni kənaraqya bilmərik. Çünki artıq fatdır ki, sosial media mətbuatla eyni səviyyəyə yüksəlir. Sosial şəbəkələrdə yayılan dezinformasiyalar mətbuatın daha da ciddi işləməsinə əsas verib. Bu baxımdan sosial şəbəkərin inkişafı ilə mətbuatın inkişafı eyni səviyyədə davam edir. Deyə bilərəm ki, Azərbaycan mtbuatı da öz fəaliyyətini sosial media üzsərində yüksək səviyyədə qurmağa çalışıb. Prezident İlham Əliyev də çıxışında sosial medianın fəaliyyətinə dəyər verdi və xəbərləri sosial şəbəkələrdən aldığını bildirdi. Bu həm də müstəqil mediya və azad sözə verilən bir dəyəri göstəricisi oldu. Azərbaycan mediası Vətən müharibəsindən üzüağ çıxan mediadır və cəmiyyətin gözləntilərini qarşılayan media kimi növbəti ilinə qədəm qoyur. Fürsətdən istifadə edib. Bütün media nümayəndələri bu gün münasibətilə təbrik edirəm".

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov:

"Biz Azərbaycan mediasını inkişafından danışmazdan əvvəlcə onun olduğu yer və harada dayanması, bundan sonra hara gedcəyi haqqında danışmalıyıq. Yolu seçəndən sonra həmin yolda nə qədər irəli getmək haqqında söz açmaq olar. Subyektiv fikrimcə, biz hələ istiqamətimizi seçməmişik. Ümdiedirəm ki, irəliyə doğru olan yolları seçəcəyik. Biz dünyanın qabaqcıl media təcrübələrini daha yaxından öyrənməli, tətbiq etməliyik. Bunu edən milli redaktor korpusu olmalıdır. Bunun üçün milli redaktor məktəbi olmalıdır. Həmin insanlar qabaqcıl və ənənəvi təcrübələri öyrənib Azərbaycanda tətbiq etməlidirlər. Bunun üçün vaxt və zəhmət lazımdır. Azərbaycan mediasının inanıram. düşünürəm ki, mütləq bu işi canı qədər sevən insanlar var, onlar ütün hallarda bu sahənin inkişafı üçün əllərindən gələni edəcəklər".

Metbuat.az saytının baş redaKtoru Ramil Mirzəyev:

""Əkinçi" qəzetinin nəşr edilməsi ilə təməli qoyulan Azərbaycan mətbuatı 148 yaşını qeyd edir. Çətin və keşməkeşli yollardan keçən mətbuatımız artıq yeni dövrə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyinin qısa müddət ərzində gördüyü işlər öz bəhrəsini verməyə başlayıb. Sevindirici haldır ki, çap mətbuatına, eləcə də onlayn mediaya verilən dəstək, onların inkişafı məqsədilə görülən işlər nəticəsində mətbuatımızın müasir trendlərlə ayaqlaşmağa başladığını, peşəkarlığının artdığını görmək mümkündür. Ümid edirəm ki, aparılan davamlı islahatlar nəticəsində mətbuatımız daha da inkişaf edəcək, hər zaman cəmiyyətin informasiyaya olan ehtiyacını operativ və qərəzsiz şəkildə qarşılayacaq. Milli Mətbuat Günü münasibəti ilə bütün həmkarlarımızı təbrik edir, onlara bu məsuliyyətli peşə fəaliyyətində uğurlar arzulayıram".


metbuat.az.