29 iyl 2023 11:54
Azərbaycanda kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əməkhaqqından akseptsiz qaydada tutmanın 50 % həddində aparılması mümkündür.
Metbuat.az “E-huquq.az”a istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi “Kapital Bank” ASC-nin şikayəti əsasında bununla bağlı qərar qəbul edib.
Bildirilib ki, adıçəkilən bank Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının tətbiqi ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının bu il yanvarın 17-də qəbul etdiyi qərarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasın istəyib.
Konstitusiya Məhkəməsinin Plenumu da şikayətdə qaldırılan məsələnin həlli məqsədilə Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının hüquqi mahiyyətinin və təyinatının açıqlanmasını zəruri hesab etdiyindən müvafiq normanın xüsusi konstitusiya icraatı qaydasında şərh edilməsi qənaətinə gəlib.
Qərarda deyilir ki, kassasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında müvafiq qanunvericilik normalarının düzgün tətbiq edilməməsi halı müəyyən olunmadığından Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416-cı və 418-ci maddələrinə uyğun hesab edilməlidir.
Konstitusiyanın 12-ci, 16-cı və 35-ci maddələrinin, habelə Əmək Məcəlləsinin 175-ci və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əməkhaqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əməkhaqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.