METBUAT.AZ

Siyasət

"BQXK öz avtomobillərində daim kəşfiyyatçılar daşıyıb" -

11 iyl 2023 11:00

Azərbaycan Dövlət Sərhəd Xidməti bu gün Beynəlxalq Qızıl Xaç Komitəsini ifaş etdi. Belə ki, BQXK-ya aid nəqliyyat vasitələrində ermənilər üçün qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsinə cəhd olunub.

Sərhəd naryadı iyulun 1-dən etibarən Azərbaycana gələn Ermənistan vətəndaşlarının yüklərindən müxtəlif mobil telefonlar, benzin aşkarlayıb. Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.

Metbuat.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, BQXK-yə məxsus avtomobillərlə qaçaqmalçılıq faktı ciddi məqamdır:

"Beynəlxalq Qızıl Xaç Komitəsi humanitar fəaliyyətlər üçün nəzərdə tutulmuş regional təşkilatdır. Onun əsas missiyası Qarabağ bölgəsində ağır xəstələrin Ermənistana aparılması olmalıdır. Bundan başqa, burada Azərbaycan nəzarət buraxılış məntəqəsi qurub. Təbii ki, aparatlar var, yoxlama aparılır və vətəndaşlar şəxsi əşyalarını, ərzaq ehtiyatlarını filan keçirə bilirlər. Amma qaçaqmalçılı, orada istifadə olunan telefonlar, benzin məsələsi, avtomobillərin, o cümlədən orduda geniş şəkildə istifadə olunan siqaret markalarının verilməsi kimi məsələlər var ortada. Ermənilər bunu uşaqlar üçün aparılan ərzaq ehtiyatının, şirniyyatların, şəxsi əşyaların götürülməsi adı ilə bəzəməkdədirlər".

Onun sözlərinə görə, Qızıl Xaç Cəmiyyəti Azərbaycanın erməni hərbi əsirlərin ailələrinə görüş imkanı yaratmaması ilə bağlı fikirlər səsləndirən zaman Azərbaycan tərəfi şübhələnməli idi:

"Dünən qondarma rejimin rəhbəri Arayik Artunyan kabinetin iclasını keçirib. Azərbaycana qarşı minimum daxili imkanlarla məqsədəuyğun şəkildə ciddi reaksiya verə, mübarizə apara bilmə cəhdlərini müzakirə edir. Beynəlxalq Qızıl Xaç Komitəsi iyununda Azərbaycandakı erməni hərbi əsirlərə baş çəkir və Ermənistanın İctimai Televiziyasında Qızıl Xaç Cəmiyyətinin Ermənistan şöbəsinin rəhbəri hərbi əsirləri "oğurlanan hərbi əsirlər" adlandırır. Həmin hərbçilərin ailələri ilə əlaqə saxlamaqda çətinliyi olduqlarını ifadə edir. O zaman Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətindən faktiki olaraq şübhələnməli idi. Təftiş edəndə də qanunsuzluqlar artıq tapılıb. Yekun olaraq bunu da qeyd edim ki, Qızıl Xaç Komitəsi ömür boyu humanitar məqsədlərdən kənar öz avtomobillərində daim kəşfiyyatçılar, hərbçilər, muzdlular daşıyıblar. Hərbi dislokasiyanın yerini, əsgərlərin yerini, hərbi hissələrin bazalarını müəyyən etmək üçün kəşfiyyat məntəqəsi rolunu oynayıb".

Gülər Seymurqızı


metbuat.az.