METBUAT.AZ

Siyasət

Brüsse lgörüşü

17 iyl 2023 12:49

Brüssel görüşü özündən əvvəlki görüşlər kimi Azərbaycanın regionda yaratdığı reallığın diqtəsi ilə keçdi. Ona görə də, bu görüşü müsbət dəyərləndirirəm. Bu görüşlərdə Azərbaycanın maraqları baxımından ən önəmli olan məsələ odur ki, Rusiyanın Qarabağdakı hərbi kontingentinin orada heç 2025-ci ilə qədər də qalmasına ehtiyac duyulmadığı üzə çıxır. Çünki bir halda ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü konkret rəqəmlər göstərməklə tanıdığını bildirir. Üstəlik, Nikol Paşinyan Qarabağın ermənilər yaşayan hissəsinin də Azərbaycan torpağı olduğunu dilə gətirirsə, həmçinin rəsmi Bakı orada yaşayanların təhlükəsizliyini öz üzərinə götürürsə, artıq Rusiya hərbi kontingentinin varlığına ehtiyac duyulmur. Əslində, heç kimə, ilk növbədə Moskvadakılara sirr deyildi ki, bu hərbi kontingent orada hayların təhlükəsizliyini təmin etmək üçün yerləşdirilməyib. Çünki Qarabağdakı haylar və hay dilliləri bizim tərəfimizdən heç bir təhlükə gözləmirdi. Onlar Azərbaycan qanunlarına riayət edərək yaşayacaqdılarsa, digər etnik azlıqlara yanaşma necədirsə, onlara da o cür yanaşma olacaqdı. Odur ki, bu hərbi kontingent orada daha çox Rusiyanın geosiyasi məqsədləri üçün yerləşdirilib. Lakin artıq onlara ehtiyac duyulmadığı beynəlxalq səviyyədə öz təsdiqini tapır.

Əgər Rusiya məntiqli siyasət yeritsə, iki ölkə arasında münasibətlərə xələl gətirən bəyanatlar yaymaqdansa, 2025-ci ili gözləmədən öz hərbçilərini Qarabağdan çıxarar. İndi hər kəs anlayır ki, Rusiyanın canlı qüvvəyə nə dərəcədə ehtiyacı var. Lakin təəssüf ki, Rusiya heç də məntiqli siyasəti ilə tanınan dövlətlərdən deyil.

Tezliklə Qarabağdakı hay və hay dillilərin reinteqrasiyası baş verməsə, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmağa son verməsə, bizim orada istənilən vaxt antiterror əməliyyatı aparmağımız aktuallığını son dərəcə artıracaq.

Artıq Qarabağdakı hayların heç bir statusunun olmayacağı Brüssel görüşü ilə birgə “betonlaşmış” oldu. Şarl Mişelin açıqlamasında Qarabağ əhalisi sözünü işlətməsi, Dağlıq Qarabağ ifadəsinin önündə “keçmiş” sözünü işlətməsi bunun təsdiqidir. Eyni zamanda, oradakı əhaliyə Ağdamüzərindən humanitar yardımın çatdırıla biləcəyinin vurğulanması da.

Bu görüş eyni zamanda Zəngəzur dəhlizinin açılmamasının mümkünsüzlüyünü də ortaya qoydu. Yəni, əgər Zəngəzur dəhlizi açıqlamayacaqsa, onda qarşı tərəf Laçın dəhlizi ilə gediş-gəlişdən danışa bilməz.

Brüssel görüşündəki bu uğurlar ondan irəli gəlmir ki, artıq onu təşkil edənlər daha çox beynəlxalq normalardan çıxış edirlər, ya da Ermənistanın indiki rəhbəri zəif və ya daha az xəstə təfəkkürlüdür. Xeyr. Bu onun nəticəsidir ki, Azərbaycan regionda yeni reallıq yaradıb və Azərbaycanın Ordusu güclüdür.


metbuat.az.