METBUAT.AZ

Elm və Təhsil

Bu gün qəbul imtahanı

22 iyl 2023 11:07

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

Bu barədə Metbuat.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Xaçmazda təşkil olunur.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda 91 imtahan binası, 1663 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 273 imtahan rəhbəri, 2079 nəzarətçi–müəllim, 283 buraxılış rejimi əməkdaşı, 91 bina nümayəndəsi ayrılıb.

İmtahanda 22447 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 20404 nəfər Azərbaycan, 2043 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 14230 nəfəri oğlan, 8217 nəfəri isə qızdır. 20386 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2061 nəfər əvvəlki illərin məzunudur. 18 nəfər ali təhsil müəssisələrinin, 166 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır.

İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 23 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.


metbuat.az.