8 iyl 2023 11:54
Artıq universitetlərə qəbul imtahanları baş tutur. Bu il digər illərdən fərqli olaraq imtahanlarda maksimum bal toplayanlar var.
Bəs bu il Azərbaycanda universitetlərin təhsil haqları arta bilərmi?
Metbuat.az-a danışan təhsil eksperti Adil Vəliyev bildirdi ki, bu barədə hazırda hər hansı bir məlumat yoxdur. Ekspert təhsil haqlarının artması yönündə hər hansı qərarı doğru hesab edir:
"Bu il təhsil haqlarının artıb-artmaması ilə bağlı hər hansı rəsmi məlumat yoxdur. Düşünürəm ki, bu il təhsil haqlarının artması doğru qərar olacaq. Nəzərə alsaq ki, qida və digər sektorlarda bahalaşma var. Buna görə də müəlimlərin maaşları da artmalıdır ki, onlar maddi ehtiyaclarını qarşılaya bilsinlər. Bu da tələbələrin təhsil haqları ilə tənzimlənir".
Adil Vəliyev həmçinin Azərbaycan universitetlərinin dünya universitetləri reytinq sıralamasında geridə qalması məsələsinə də toxunub:
"Dünya universitetləri siyahısında yer ala bilmək üçün müəllimlərin maaşlarının artmasından əlavə, müəllimlərə kifayət qədər şans yaratmaq, onların vaxtlarını çərçivəyə salmamamaq lazımdır. Məsələn, müəllim dərsi səhər keçdi, ona icazə vermək lazımdır ki, müəllim sonrakı fəaliyyətində elmi məqalələr yazsın. Çünki dünya reytinq sıralamalarında həm professor heyəti, elmi məqalələr, həm də tələbələrin işlə təmin olunması nəzərə alınır. Düşünürm ki, təxminən 5 il sonra Azərbaycan universitetləri minliyin sıralarına daxil ola biləcək".
Gülər Seymurqızı