18 iyl 2023 10:12
Xəbər verdiyimiz kimi, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır. Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Metbuat.az qanuna dəyişiklikləri təqdim edir:
Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam olarsa, “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə cərimə 60 manatdan 80 manata artırılıb.
Sərxoş vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 500 manatdan 700 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq ediləcək.
Sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobil idarə edilməsinə görə cərimələr artırılıb. İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimə 200 manatdan 300 manata qaldırılıb.
Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər 150 manat cərimələnəcək.
Standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək. Məlumat üçün bildirək ki, nömrə standartı dedikdə, üzərində Azərbaycanın dövlət bayrağının təsviri, hərflər və rəqəmlər nəzərdə tutulur.
Yolda sürət həddini aşmağa görə cərimələr artırılıb. Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimə 150 manatdan 200 manata, sürəti 61 km/saat və daha artıq aşmağa görə isə cərimə 250 manatdan 300 manata çatdırılıb.
Həmçinin avtomobili dəmiryol keçidlərindən kənar yerlərdən keçirən sürücülər cərimələnəcək. Dəyişikliklə nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçilməsinə görə 100 manat cərimə nəzərdə tutulur.