METBUAT.AZ

Elm və Təhsil

Bu rayonlarda şagirdlərin dövlət dili üzrə bilik və bacarıqları zəifdir -

4 iyl 2023 16:30

Həm 9-cu, həm də 11-ci siniflər üzrə buraxılış imtahanlarında tədris dili Azərbaycan dilindən fərqli olan şagirdlər dövlət dili kimi Azərbaycan dilindən imtahan verirlər.

Metbuat.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında bildirilib.

Ötən il buraxılış imtahanında iştirak edən ortastatistik şagirdin dövlət dili kimi Azərbaycan dilindən yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli test tapşırıqları üzrə balı (faizlə) 9-cu siniflər üzrə 61.93-ə, 11-ci siniflər üzrə 75.36-ya bərabər olub. Qapalı tipli test tapşırıqları üzrə isə bu göstərici müvafiq olaraq 58.05 və 66.64-dür. Diqqəti daha çox cəlb edən məqam ölkənin şimal və şimal-qərb hissəsindəki bəzi bölgələrin şagirdlərinin zəif nəticələridir. İsmayıllı və Qax rayonlarının 9-cu sinif üzrə ortastatistik şagirdləri təqdim olunan 30 sualın yarısına belə cavab verə bilməyiblər. Qəbələ, Qusar, Oğuz, Xaçmaz, Zaqatala və Balakən rayonlarında isə bu göstərici müvafiq olaraq 50.11, 51.46, 53.49, 53.73, 55.01, 56.19-a bərabər olub.

Göründüyü kimi, bu rayonlarda Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərin dövləti dili üzrə bilik və bacarıqları zəifdir. Hətta qeyd olunan rayonlarda şagirdlərin dövlət dilini mənimsəməyə meyilli olmadıqları müşahidə edilir. Həmin bölgələrin bəzilərinin 11-ci sinif şagirdlərinin nəticələrinin 9-cu sinif şagirdlərinə nisbətən yaxşı olması daha çox ali təhsil müəssisələrinə qəbul olmaq istəyən məzunların hesabınadır. Belə ki, artıq 10 ildən çoxdur ki, ali təhsil müəssisələrinə rus bölməsi üzrə qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq dövlət dili kimi Azərbaycan dili fənnindən də imtahan verirlər.


metbuat.az.