3 iyl 2023 11:53
Dənizkənarı bulvar ərazisində skuterlərin hərəkəti vətəndaşlar üçün təhlükə mənbəyinə çevrilib.
Ötən ayın əvvəlində skuterlərin hərəkətinə məhdudiyyət qoyulsa da, sonradan bulvar ərazisində səmərəli istirahət məqsəilə onların hərəkəti üçün yeni konsepsiya hazırlanıb.
Belə ki, yeni qaydalara əsasən Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq.
Lakin buna baxmayaraq bulvar ərazisində bu qaydalara riayət olunmur. Vətəndaşlar bildirirlər ki, insanların sıx olduğu ərazilərdə qaydalara riayət olunmur. Bəs hazırlanan qaydalar çərçivəsində nəzarət-mexanizm tədbirləri necə işləyir?
Metbuat.az-a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva bildirib ki, sözügedən ərazidə qaydalar qoyulu və bu barədə vətəndaşlara məlumat verilib:
"Dənizkənarı Bulvar İdarəsi mümkün olan tədbirləri görüb. Qadağanedici nişanlar qoyulub, sürət həddi müəyyənləşib və ictimaiyyətə geniş məlumat verilib. Artıq burada vətəndaşların üzərinə məsuliyyət düşür ki, bu qaydalara riayət etsinlər. Təbii ki, İdarənin nəzarətçiləri tərəfindən mütəmadi olaraq tövsiyəedici məlumatlar verilir. Nəzərə alsaq ki, bulvar ərazisi böyükdür, insanllar çoxdur. Bu səbəbdən belə hallar yaşanır. Gərək vətəndaşlar bu nişanı görüb və qaydaları bilirlərsə, artıq vətəndaş özü üzərində məsuliyyət hiss etməli, qaydalara tabe olmalıdır".
Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirib ki, skuterləri idarə edənlər də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıyır və qaydaları pozduqları təqdirdə cərimələnirlər: "Skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti "Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir. Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələri idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub".
Gülər Seymurqızı