28 iyl 2023 17:28
Xəbər verdiyimiz kimi, 2023-cü ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək. AZAL bu barədə məlumat yayraq bildirib ki, birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanı yaradacaq.
AZAL-ın "cib yandıran" biletləri ilə müqayisədə “Buta Airways” biletlərin nisbətən ucuz idi. Şirkət açıqlamasında qeyd edir ki, “Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq.
Metbuat.az-a danışan ekspert Natiq Cəfərli qeyd edir ki, bu qərarın hansı səbəbdən verilməsi açıqlanmasa da, vəziyyət o qədər də ürəkaçan deyil:
""Buta" AZAL- ın törəmə şirkəti olduğu üçün real olaraq AZAL tərəfindən idarə olunurdu. Elə ciddi bir dəyişikliyin olduğunu düşünmürəm. Lakin AZAL-ın bu qərarının səbəblərini də bilmirəm. Çünki səbəbləri ilə bağlı rəsmi məlumat yetərincə kasaddır. Nədən bu qərarın alındığını dövlət qurumları, rəsmilər, AZAL rəhbərliyi özləri izah etməlidirlər. Amma kənardan vəziyyət çox pis görünür. Azərbaycanın yeganə formal olaraq şirkəti var idi. Bu da guya ucuz biletlərlə, ucuz qiymətlərlə insanlara xidmət göstərəcəkdi. Onun belə ləğv olunması nəticə etibarilə ona gətirib çıxaracaq ki, AZAL brendi altında eyni uçuşlar daha baha qiymətə satılacaq".
Onun sözlərinə görə, AZAL-ın qərarı ilə bağlı açıqlamasında "Biuta"da olmayan xidmətlərin bundan sonra göstəriləcəyi qeyd edilir. Bu da biletlərin qiymətlərinin artması deməkdir:
"AZAL-ın elə indiki açıqlamasından da görünür ki, AZAL-ın xidmətinin daha keyfiyyətli olduğunu, uçuş zamanı isti yeməklər verdiyini, daha çox baqaj qəbul etdiyini vurğulayıb. Bunların heç biri "Buta" da yox idi və qiymətdə də öz əksini tapırdı. Yeri gəlmişkən, "Buta"nın qiymətləri heç də ucuz deyildi, amma eyni istiqamətlərdə "Buta" daha ucuz uçurdu. İndi faktiki olaraq bu birləşəndən sonra bu istiqamətlər üzrə də qiymətlərin artması ehtimalı çoxalır və çox güman ki, biz oktyabr ayından daha baha qiymətlər görə bilərik. Bu da ölkə üçün heç də yaxşı bir şey deyil. Əksinə, biz illərdir çağırış edirdik ki, ölkədə daha çox lokos şirkətlər olsun, daha çox bazara açılsın, hava məkanı açılsın. Amma faktiki olaraq hökumət atdığı bu addımla bazarın daha da inhisarlaşmasını, təkəlləşməsini saxlayır".
Gülər Seymurqızı