14 iyl 2023 12:51
Dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilməsi qaydası müəyyənləşib.
Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən yeni 9-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, dərman vasitələrinin idxalına icazənin, onun dublikatının verilməsi, icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi “Lisenziyalar və icazələr haqqında”, “İnzibati icraat haqqında” qanunlara və bu qanuna uyğun olaraq həyata keçirilir. Dərman vasitələrinin idxalına icazə bir mal partiyası şəklində idxal edilən mallara verilir və həmin mallara münasibətdə qüvvədə olur. Dərman vasitələrinin idxalına icazənin alınması üçün ərizəçi dərman vasitələri, qablaşdırılmamış dərman vasitələri, dərman maddələri və tibb vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmamışdan əvvəl icazə verən orqana ərizə ilə müraciət edir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.