18 iyl 2023 14:28
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, nazirliyin müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 27-dək, boyu 180 santimetr və ondan hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır.
Ali təhsilli və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcəkdir.
İştirak etmək istəyən şəxslər mia.gov.az/az/vacancies/3/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.