13 iyl 2023 17:47
2023-cü ilin İş Planına əsasən hesabat ilinin birinci yarımilində Hesablama Palatasının Kollegiyası tərəfindən 31 kənar dövlət maliyyə nəzarəti tədbirinin, o cümlədən 2 auditin “Dövlət sirri haqqında” qanunun uyğun olaraq keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Metbuat.az bildirir ki, bu, Hesablama Palatasının 2023-cü ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatında əksini tapıb.
Qeyd edilib ki, nəzarət obyektlərinin 5-də ilk dəfə nəzarət tədbirinin keçirilməsinə başlanılmış, 9 layihə və proqram əvvəlki auditlərlə əhatə olunmayıb.
Nəzarət obyektləri arasında 12 mərkəzi icra hakimiyyəti orqanı, 8 publik hüquqi şəxs, 3 dövlət mülkiyyətində olan və dövlətin səhmi (payı) olan müəssisə, 1 büdcədənkənar dövlət fondu, 6 mərkəzi icra hakimiyyəti orqanı tabeliyində və yanında olan təşkilat, 1 təhsil müəssisəsi və digər təşkilati-hüquqi formaya malik qurumlar olub.
Hesabat dövründə uyğunluq auditinin payı ümumi portfeldə üstünlük təşkil edib. 2023-cü ilin ilk 6 ayı ərzində 2 səmərəlilik auditinin keçirilməsi ilə bağlı kollegiya qərarı qəbul edilib. Səmərəlilik auditləri Azərbaycan Respublikasında uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası sahəsində həyata keçirilən fəaliyyətin və toxumçuluq sahəsində fəaliyyətin nəticəliliyinin qiymətləndirilməsi mövzularını əhatə edir. Qeyd edək ki, həyata keçirilən bir sıra auditlərdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən də istifadə edilməkdədir.
Baxılan dövr ərzində 11 nəzarət tədbirinin, o cümlədən 10 audit (8-i uyğunluq, 1-i maliyyə auditi və 1-i səmərəlilik auditi olmaqla) və 1 analitik fəaliyyətin nəticələri üzrə auditor hesabatları kollegiya qərarı ilə təsdiq edilmişdir. Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin İş Planı üzrə 4 nəzarət tədbiri keçirilməsi ilə bağlı qərar qəbul edilib, 2-si başa çatdırılıb.