METBUAT.AZ

Gündəm

"Elə kəsmək, doğramaq, ancaq vətəndaşı günahkar çıxarmaq istəyirlər" -

14 iyl 2023 11:33

"Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri olub və onlar lisenziya ilə fəaliyyət göstərib diplom veriblər. İndi o diplom alan şəxslərin işə düzəlmək problemi var, çünki təhsil nazirliyi o diplomları təsdiq etmir".

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev deyib. Millət vəkili bildirib ki, hazırda bir çox lisenziyası bitən universitetlərin diplomları ləğv edildiyi üçün oranı bitirənlər işdən atılacaqlarına görə qorxu keçirirlər.

"Deyirlər ki, qanunsuz işləyib, qanunsuz diplom verib və s. Necə olub bu? Onlar yerin altında fəaliyyət göstərib, yoxsa sehrli çubuqla özlərini görünməz edib? Onlar içərisində xeylisi var, o cümlədən Cənubi Rusiya Humanitar Institutu ki, Bakıda olub, sərhəd çıxıb-getməyə ehtiyac olmayıb. Tələbələr 5 il oxuyub. İndi onların hamısı diplomunu təsdiq edə bilmir, kim işləyirsə, işdən çölə atılır, yaxud da iş yeirndə hər il stres yaşayır ki, yenə yoxlayırlar. Bunların ürəyi xəstə düşdü ki. Bunlar məhv oldu ki. O lisenziyanı da, diplomu da dövlət verib. Bəs, niyə vətəndaşlara qarşı bu cür hərəkət edilir? Bu məsələ mütləq həllini tapmalıdır".

Razi Nurullayev hesab edir ki, Təhsil nazirliyinin yanaşması bu ölkədə böyük narazılıqlar yaradır. Onlar hər bir məsələdə vətəndaşı günahkar görür.

"Nəyə nail olmaq istəyirlər, bilmirəm. Həll yolunu onlar tapmalıdır. O universitetlərin təhsilıini bəyənmirsə, bir illik kurs təyin etsinlər oxusunlar, imtahan versinlər. Kəsib atmağa nə var, faydalı iş odur ki, kömək edəsən, həlli yolu tapasan. Mənim fikrimcə, Nazirlər kabineti bu məsələni həll edə bilər. Sadəcə olaraq Təhsil nazirliyi doğru yanaşma və təklif ortaya qoymur. Elə kəsmək, doğramaq, ancaq və ancaq vətəndaşı günahkar çıxarmaq istəyirlər. Mən bu məsələdə parlamentdən kömək istəyirəm",- deyə millət vəkili qeyd edib.



metbuat.az.