4 iyl 2023 11:57
"Kim deyir ki, ölkəmizdə zəlzələ olmayacaq? Azərbaycan zəlzələ zonasıdır və təbii ki, ola bilər. Mən də deyirəm ki, Yaponiyada, İndoneziyada, İranda, Çində zəlzələlər olacaq. Olanda deyərsiniz demişəm. Belə sualları mən özümə təhqir hesab edirəm".
Metbuat.az xəbər verir ki, bu fikirləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Bakıya qonaq gələn tanınmış türk alim, dünya şöhrətli geoloq, Cəlal Şəngör Azərbaycanda 7,5 bala qədər zəlzələ olacağı ilə bağlı proqnozu ilə bağlı suala cavab olaraq deyib.
Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında Qurban Yetirmişli qeyd edib ki, insanlar eşitdikləri şayələrə inanmamalıdırlar.
"Fevralın 6-dan sonra İstanbulda zəlzələ olacağı deyilir. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu absurddur. Maarifləndirmə işlərini güclü aparmaq lazımdır. Hər nəzəriyyə reallığa əsaslanmır. Hər eşidilənə qəti şəkildə inanmayın",- deyə o bildirib.
Xatırladaq ki,İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngör Azərbaycanda 7,5 bala qədər zəlzələ olacağı ilə bağlı proqnozunu vermişdi. Türkiyəli alimin bu sözlərini AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli təkzib etmiş, hətta “o adında biri” haqda heç vaxt eşitmədiyini demişdi.
METBUAT.AZ