1 iyl 2023 13:05
Son günlər Azərbaycanın bəzi bölgələrində aylıq normanın heç yarısı qədər yağıntı düşmədiyi halda əsasən dağlıq və dağətəyi bölgələrdə lokal güclü leysan nəticəsində sel-daşqın hadisələri baş verir.
Ölkə ərazisində anomal hava şəraitinin qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində baş verdiyini deyən Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev Metbuat.az-a açıqlamasında bildirdi ki, iyul ayında da havaların belə davam etməsi istisna edilmir.
“Son günlər ölkə ərazisində hava şəraiti qeyri sabit keçir. Ayın 27- 29-u tarixlərində ölkənin müxtəlif bölgələrində yağışlı, küləkli hava müşahidə edilmişdir. Nəticədə, çaylarda sululuq artaraq, sel təhlükəsinə səbəb olub. Xüsusilə də bu proses iyun ayının 30-da özünü daha kəskin büruzə verdi. Güclü küləklə müşahidə edən yağıntılar həm Böyük, həm də Kiçik Qafqazda sel-daşqın hadisələri yaratmışdır. Hazırda temperatur aylıq normanın maksimal qiyməti ilə müqayisədə bir neçə dərəcə aşağı düşərək 24 -25 dərəcə təşkil edir. İyun ayında maksimal temperatur 34 dərəcəyə yaxın olub. Ölkə ərazisində havanın temperaturunun bir neçə dərəcə aşağı düşməsi respublikamıza daxil olan şimal-qərb soyuq hava kütləsi ilə bağlıdır”.
Sərin hava şəraitinin bu gün də davam edəcəyini qeyd edən Rafiq Verdiyevin proqnozuna görə, yaxın günlərdə hava şəraiti normallaşacaq.
“Bakıda və Abşeron yarımadasında iyulun 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Ümumiyyətlə, qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində ay ərzində bir neçə dəfə yüksək temperatur və yaxud da güclü külək, intensiv yağış ilə müşahidə edən aşağı temperaturda hava anomaliya halları müşahidə edilə bilər. Tədqiqatlarımıza əsasən, son 20-30 ildə belə hadisələrin sayı artıb. Ümumiyyətlə, iyunla müqayisədə iyul ayında maksimal temperaturu 38-39-40 dərəcəyə çata bilir. Bu ay temperaturun digər illərə nisbətən müqayisədə yüksək olması gözlənilir. Yay mövsümü ərzində ayrı-ayrı günlərdə təhlükəli hidrometeoroloji proseslərin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin kəskin dəyişməsi də istisna edilmir”.
Gülbəniz Hüseynli / Metbuat.az