METBUAT.AZ

Ölkə

Havanın qeyri-sabit keçməsinin səbəbi

5 iyl 2023 15:25

İqlimşünas alimlər yüksək ehtimal ilə müxtəlif təbii fəlakətlərin artan tendensiyası barədə xəbərdarlıq edirlər, bunun səbəbi isə qlobal temperaturun artması, yerin kriosferindəki dəyişikliklərdir. Qütb və yüksək dağlıq bölgələrdə baş verən istiləşmə bütün planetə təsir edir. Bütün bu proseslər isə bizim regiondan da yan keçmir.

Metbuat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, iyulun 4-də növbəti sel hadisəsi Quba rayonu ərazisində Vəlvələçayda müşahidə olunub.

“Eyni zamanda proseslərin lokal xarakter daşıması, kiçik bir ərazini əhatə etməsi, həmçinin çox intensiv olması bir daha diqqəti cəlb edir. Belə ki, dünən Qubanın mərkəzində olarkən leysan səbəbindən kəndlərin birində sel hadisəsinin baş verdiyini tam ehtimal etmək olmazdı. Bu sel, aprel ayının əvvəlindən bu günə qədər son illərin rekordlarını qıran sayca 83-cü sel hadisəsi olub”.

Xidmət rəisinin sözlərinə görə, hətta bu ilin yazında Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, El Niño fenomeninin aktivləşməsi proqnozlaşdırılırdı. Bu, antropogen iqlim dəyişmələri fonunda baş verən təbii hadisədir ki, bu da qlobal temperaturun artmasına səbəb olur, mövsümi yağıntıların normalarına təsir edir və atmosfer havasını daha ekstremal edir. Artıq planetin tarixində bu ilin ən isti illərdən biri olacağı proqnozlaşdırılır. Bu səbəbdən bölgəmizdə isti hava dalğalı dövrləri də müşahidə olunacaq.

“Bu il Ümumdünya Meteorologiya Konqresi sürətli iqlim, sosial və texnoloji dəyişikliklər dövrü üçün yeni, əsas strateji prioritetləri təsdiqləyib. ÜMT-in əsas məqsədi 2027-ci ilin sonuna qədər Yer kürəsində hər bir insanın Erkən Xəbərdarlıq Sistemləri vasitəsilə təhlükəli hava hadisələrindən qorunmasını təmin etmək üçün beynəlxalq kampaniyanın həyata keçirilməsi olacaq”.

Nazim Mahmudovun sözlərinə görə, ölkəmizdə hidrometeoroloji xidmətin modernləşdirilməsi mərhələli şəkildə aparılır. Dövlət investisiyaları hesabına müşahidə şəbəkəsi avtomatlaşdırılır, eyni zamanda meteoroloji stansiyalarımızdan məlumatlar həm beynəlxalq, həm də regional məlumat mübadiləsinə ötürülür.

“Eyni zamanda, beynəlxalq əməkdaşlıq daha da genişlənir. Çoxillik tərəfdaşlarımız olan Türkiyə Meteoroloji Xidməti ilə yanaşı, Tvinninq layihələri çərçivəsində mütəxəssislərimiz Finlandiyanın qabaqcıl Meteoroloji Xidmətlərindən birində təlim keçirlər”.

Xidmət rəisi onu da qeyd edib ki, bu ilin sonuna qədər yeni SmartMet platformasının işə salınması planlaşdırılır ki, bu da hava şəraiti ilə bağlı yenilənmiş proqnozlar və xəbərdarlıqların keyfiyyətini və əlçatanlığını artıracaq.

“Meteo.az saytı əhali üçün rəsmi məlumat mənbəyidir. Dopler radar məlumatlarına əsaslanan təhlükəli hidrometeoroloji hadisələrlə bağlı xəbərdarlıqların yenilənməsi də burada yerləşdirilir. Ümid edirik ki, gözlənilən hava şəraiti haqqında məlumatlar planlarınızı düzgün qurmağa kömək edəcək”.



metbuat.az.