METBUAT.AZ

Ölkə

Həkimlər hansı hallarda məsuliyyətə cəlb olunur?

25 iyl 2023 09:54

Azərbaycan səhiyyə sistemində tez-tez həkim səhvindən əziyyət çəkən insanların şikayəti görülür. İstər xüsusi əməliyyatlarda və ya estetik əməliyyatlarda insanların sağlamlıqlarına zərər dəyir, son nəticədə hətta ölüm halları da baş verir.

Həkimlər hansı hallarda məsuliyyətə cəlb oluna bilir? Bu zaman qanun nə deyir?

Metbuat.az-a danışan vəkil Vamiq Şükürov qeyd etdi ki, xəstəyə az ağır və ya ağır zərərvurma ilə bağlı Cinayət Məcəlləsində nəzərdə tutulan maddələr var:

"Digər ölkələrdə olduğu kimi Azərbaycanda da həkim səhvləri ilə əlaqədar olaraq xəstələrin sağlamlığına yüngül və ağır zərbə vurulur, ölümlə nəticələnə bilir. Bu zaman həkimlər müəyyən ehtiyatsızlıqdan səhv edərlərsə, nəticədə xəstəyə ağır xəsarət dəysə və ya ölsə, bu zaman həkimlər Cinayət Məcəlləsi ilə məsuliyyət daşıyırlar.

Məcələnin 124-cü maddəsində qeyd olunur ki, ehtiyatsızlıqdan adam öldürməyə görə, şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə faktı baş verərsə, bu zaman iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 131-ci maddəsində qeyd olunur ki, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma yeddi yüz manatdan min iki yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır zərər vurma is min iki yüz manatdan iki min dörd yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Onun sözlərinə görə, eskpertiza rəyi ilə məhkəmə qərar çıxarır. Bəzən isə qeyd edilən hər hansı ziyanla bağlı vətəndaşların şikayəti əsassız olur:

"Həkim müalicə aparan zaman səhv diaqnozla verilən dərmanlar xəstəyə pis təsir edir, xəstədə ağır hallar yaranır və ya əməliyyat zamanı düzgün tibbi üsulla prosedur baş vermir. Bu da xəstənin ölümünə səbəb olur. Bundan başqa, həkim müəyyən tibbi metodlar aparır, əməliyyat zamanı müəyyən fəsadların qarşısını almaq üçün tibbi protokollarda qəbul edilmiş üsullarda vaxtında istifadə etmir. Bu halda xəstəyə az ağır və ya ağır zərər dəyə bilir. Yaxud əməliyyatdan əvvəl xəstənin lazımi şəkildə müayinəsi təmin olunmadan sonradan fəsadlara səbəb ola biləcək halları aşkara çıxarmadan əməliyyatlar edirlər. Bu da əməliyyatın fəsadlarla bitməsinə səbəb olur. Bu zaman həkim xəstəyə dəyən zərərə görə məsuliyyət daşıyır. İbtidai istintaqda ekspertiza rəyindən istifadə olunur, həkimin səhvi müəyyən olunur. Bəzən isə vətəndaşlar baş verən fəsadlarla bağlı əsassız şikayətlər edirlər. Əksər araşdırmalar zamanı görürük ki, həkimlərim bütün tədbirləri gördükləri məlum olur".


metbuat.az.