18 iyl 2023 11:47
ABŞ ordusunun şəxsi heyətinə aid milyonlarla məxfi məlumatı ehtiva edən e-poçt yazışmaları hərf səhvinə görə səhvən Afrika ölkəsi Maliyə göndərilib.
Metbuat.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib. Bildirilir ki, ABŞ ordusunun ".mil" domen adı səhvən Malinin ".ml" domen adı ilə qarışdırılıb. Beləliklə, milyonlarla elektron məktub səhv ünvana göndərilib. Qeyd edilib ki, sözügedən elektron məktublarda yüksək rütbəli hərbi məmurların diplomatik sənədləri, vergi qeydləri, parolları və marşrutları kimi həssas məlumatlar var. Pentaqonun sözçüsü Tim Qorman, Müdafiə Nazirliyinin bu problemdən xəbərdar olduğunu və məxfi məlumatların icazəsiz açıqlanmasına ciddi yanaşdığını qeyd edib. Qorman qeyd edib ki, Müdafiə Nazirliyi elektron məktubların qarşısını almaq üçün təlim və texniki nəzarət həyata keçirib.
Mali ilə bağladığı müqaviləyə uyğun olaraq ".ml" domen adını idarə edən holland internet sahibkarı Yohannes Zuurbier bildirib ki, 2013-cü ildən bəri oxşar saxta e-poçtları almağa davam edib və o, məsələ barədə ABŞ-ın rəsmi dairələrinə, ABŞ-ın Malidəki səfirliyi də daxil olmaqla müxtəlif səlahiyyətlilərə məlumat verib.