4 iyl 2023 12:44
Heyvanların zəlzələni öncədən hiss edə bilmələri ilə bağlı fikirlər geniş yayılmışdır. Bəs bu iddianın elmi açıqlaması var?
Dünyada hər il qeydə alınan 500 min civarı zəlzələ olur və bunların 100-ə yaxını müəyyən dağıntılara səbəb olur. Seysmoloqlar növbəti zəlzələnin tam olaraq harada və nə zaman baş verəcəyinin bilməyin mümkün olmadığını qeyd edirlər. Ona görə də, heyvanları potensial "xəbərdarlıq siqnalı" kimi istifadə etmək hər kəsə məntiqli gəlir.
Lakin bu iddia yeni meydana çıxmayıb. Belə ki, eramızdan əvvəl 370-ci ildə Romalı yazar Aelian zəlzələdən əvvəl ilanların, siçan və həşaratların Helike şəhərini tərk etdiyini yazırdı. 1975-ci ildə isə normalda qış yuxusunda olan ilanların Çinin Hayçenq şəhərini 7.3 ballıq zəlzələdən əvvəl tərk etdikləri qeydə alınmışdı. Yaxın 2016-cı ildə isə Oklahomada meydana gələn zəlzələdən öncə minlərlə quş şəhərdən ayrılmışdı.
Heyvanlar zəlzələni sadəcə saniyələr öncə hiss edə bilər.
Elm adamları heyvanların zəlzələni saniyələr və ya dəqiqələr öncə hiss edə biləcəklərini deyirlər. Zəlzələnin mərkəzindəki sarsıntılar ətrafa şok dalğaları yayarkən, bunu insanlar hiss etməzlər, lakin heyvanların bunu anlaması mümkün görünür. Məsələn, fillər və quşlar çox aşağı frekansdakı səs və sarsıntıları duya bilirlər. Eyni zamanda gəmiricilər də insan qulağının qəbul edə bilmədiyi bəzi frekansları duya bilirlər.
Heyvanların öncədən xəbərdarlıq kimi istifadəsi mümkün deyil.
Xalq arasında ferma və ev heyvanlarının zəlzələni saatlar öncəsindən hiss edərək anormal davranışlar sərgilədiyi uzun illərdir danışılır. Lakin mütəxəssislər bunun bir xəbərdarlıq sisteminə çevrilə biləcəyinə ehtimal vermirlər. 2018-ci ildə ABŞ Seysmoloji Topluluğu dərgisində yayınlanan bir məqalədə bildirilir ki, bu sahədə daha əvvəl aparılan 180 təcrübə anormal heyvan davranışları və zəlzələlər arasında bir bağ qurulmasına yetərli dəlillər ortaya qoymamışdır.
Alman alimləri tərəfindən aparılan və 2020-ci ildə yayımlanan bir təcrübə isə bu iddianı dəstəkləyən nəticələr çıxardı. Konstanz Universiteti və "Max Planck" Heyvan Davranışları İnstitutu tərəfindən aparılan araşdırmada seysmik bir bölgə olan şimali İtaliyada heyvanlara izləmə cihazı taxılaraq davranışları izlənildi. Zəlzələdən əvvəl anormal hərəkətlər etdiyi bildirilən 6 inək, 5 qoyun və 2 itin davranışları aylarla izlənildi, bu müddətdə 18 min zəlzələ qeydə alındı. Bunların çoxu aşağı şiddətli zəlzələlər olsa da, 12 zəlzələnin şiddəti 4 baldan yuxarı idi. Nəticə olaraq həmin heyvanların olduğu ferma ərazisində baş verən zəlzələlərdən 20 saat əvvəl heyvanların anormal davranışlar sərgilədiyi müşahidə edildi. Həmçinin bildirildi ki, zəlzələlərin mərkəzi fermaya yaxınlaşdıqca, davranışların anormallığı da daha erkən başlayır. Təcrübədəki ən qəribə nüans isə bu idi: Heyvanlar tək tək izlənildiyi zaman davranışları daha az dəyişdiyi halda, toplu olaraq olduqlarında bu dəyişiklik daha gözəçarpan olurdu.
Elmi olaraq heyvanların zəlzələni öncədən hiss etmələrinin səbəbi açıqlanmayıb. Teoremlərdən biri kimi, qayalar arasındakı təzyiq dəyişikliyinin havada yol açdığı ionlaşmanı heyvanların hiss etmələri göstərilir. Digər mülahizə isə heyvanların zəlzələdən öncə kuarts kristallarından yayılan qazların qoxusunu ala bilmələridir. Bu sahədən aparılan araşdırmalar davam edir. Ümid edilir ki, heyvanların bu xüsusiyyəti bir gün zəlzələlərdən öncə tədbir ala bilmək üçün istifadə edilə biləcək.
Metbuat.az