4 iyl 2023 13:10
“İcbari tibbi sığorta üzrə yeni xidmətlər zərfi artıq Nazirlər Kabinetinə təqdim olunub. Yaxın zamanlarda paketin təsdiqlənəcəyini gözləyirik”.
Metbuat.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yeni zərfdə ürək-damar xəstəliklərinin siyahısı genişləndirilib: “Əvvəlki zərfdə olmayanlar yeni paketə salınıb və tam əhatə olunub. Ürək-damar xəstəlikləri üzrə heç bir xəstəlik kənarda qalmayıb. Vətəndaşlar bundan tam istifadə edə biləcəklər.
Digəri oftomoloji xidmətlərdir. Vətəndaşlarımızın əziyyət çəkdiyi xəstəliklər zərfə daxil edilib. Ən böyük yeniliklərdən biri də orqan transplantasiyaları ilə bağlıdır. Yeni zərfdə böyrək və qaraciyər köçürülməsi nəzərdə tutulub. Bunu il ərzində həyata keçirməyi nəzərdə tuturuq”.
Z.Əliyev söyləyib ki, digər transplantasiya sümük iliyinin köçürülməsidir: “Yeni zərf təsdiqlənəndən sonra artıq vətəndaşlarımızı bu xidmətlə də əhatə edə biləcəyik”.
O qeyd edib ki, agentlik daim xidmətlər zərfinin təkmilləşdirilməsi, artırılması, əhaliyə daha çox xidmətin göstərilməsi ilə bağlı iş görür.