1 iyl 2023 11:32
30 iyun günorta saatlarından başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Sözügedən yolda yaranmış problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi dünən axşam saatlarından etibarən təmin olunub.