METBUAT.AZ

Sağlamlıq

​Mədə-bağırsaq traktı xəstəliklərindən necə qorunmaq olar? –

10 iyl 2023 11:27

Mədə-bağırsaq xəstəlikləri bir çox vətəndaşları narahat edən problemlər arasında yer almaqdadır. Mədə-bağırsaq traktı xəstəliklərinə MBT orqanlarının bütün iltihabi infeksion patologiyaları, autoimmun tipli zədələnmələr, şişlər aiddir. Həzm sistemi xəstəlikləri adətən epiqastral nahiyədə ağrılar, iştahanın pozulması, ürəkbulanma, qusma, qarın ağrısı, qarında köp hissi, dispeptik pozğunluqlarla özünü biruzə verir.

Metbuat.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-terapevti Humay Usubova qeyd edir ki, bu xəstəliklərin yaranma səbəblərinə ilk növbədə ekzogen amillər səbəb olur:

“Çox ağırlaşmış hallarda mədə qanaxması baş verir. Ağrılar əsasən yemək zamanı və ya yeməkdən 2-3 saat sonra ola bilər. Mədə-bağırsaq xəstəliklərinin yaranma səbəblərinə ilk növbədə ekzogen amillər səbəb olur, qeyri-düzgün qidalanma (yağlı, duzlu, ədviyyatlı, qızardılmış, hisə verilmiş məhsulların qəbulu, tələsik yemək, qidanın pis çeynənməsi) mədə şirəsini və HCI-u artırır. Bundan başqa, zərərli vərdişlər, siqaret, alkoqol qəbulu, dərman prepratlarının nəzarətsiz qəbulu, stres halları, qidada zülal və dəmir çatışmazlığından yaranan avitaminoz nəticəsində də qastritlər yaranır.

Etioloji amillər arasında “Helicobacter pylori” böyük əhəmiyyətə malikdir. Helicobacter pylori mədə və onikibarmaq bağırsağın selikli qişasında aşkar olunmuş spiralşəkilli patogen bakteriyadır. Bu səbəblə günümüzdə onun aradan qaldırılması xora müalicəsinin mühüm bir hissəsini təşkil edir”.

H.Usubova bildirir ki, ən çox rast gəlinən mədə-bağırsaq xəstəliklərinə qastritlər (kəskin və xroniki), mədə xorası, onikibarmaq bağırsağın xorası (duodenal xora), pankreatitlər, qeyri-spesifik xoralı kolit, kron xəstəliyini göstərmək olar.

Həkim mədə-bağırsaq xəstəliklərindən qorunmaq üçün bəzi amillərə diqqət yetirmək lazım olduğunu tövsiyə edir:

“Düzgün qidalanma, qızardılmış məhsulların qəbulunu azaltmaq, gündəlik rasionda meyvə-tərəvəz, salatlara üstünlük vermək lazımdır. Çəkiyə nəzarət etmək, stresdən uzaq olmaq, aktiv hərəkət, piyada gəzmək, normal yuxu rejimi, qazlı, spirtli içkilərdən az istifadə etmək lazımdır. Əgər xəstənin yuxarıda qeyd olunan şikayətləri varsa, ilk növbədə qastroenteroloqa müraciət etməlidir. Ehtiyac olarsa, qastroskopiya, kolonoskopiya və qarın boşluğu orqanlarının ultrasəs müayinəsi olunmalıdır . Nəticəyə uyğun olaraq konservativ müalicə (dərman preparatı) və ya cərrahi müdaxilə aparıla bilər”.


metbuat.az.