METBUAT.AZ

Ölkə

Məhərrəm ayı ilə bağlı qazılar və səlahiyyətli nümayəndələrə

18 iyl 2023 14:15

Məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.

Metbuat.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar yaydığı müraciətdə bildirilib.

Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər.

Qeyd olunub ki, qanunlara əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyil. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır.

Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.

Xatırladaq ki, sabahdan Məhərrəm ayı başlayır.


metbuat.az.