5 iyl 2023 10:39
Azərbaycanda təhlükəli siqaret sexi hələ də fəaliyyətini davam etdirir.
Bu barədə Metbuat.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, Şəkidə fəaliyyət göstərən siqaret sexii əhaliyə 40-50 qəpiyə siqaret satır:
"20 ildən çoxdur ki, tütün məmulatlarına qarşı böyük mübarizə aparırıq. Bizim mübarizəmizin hədəf nöqtəsi elektron siqaretlər, siqareti tərk etmək üçün yalançı maddələr, yalançı həkimlərdir. Siqaretin bütün növləri təhlükəlidir. Xüsusən primitiv üsullarla istehsal olunan filtrsiz, yüngül siqaretlər. Artıq beş ildir ki, Şəkidə tütün fabriki fəaliyyət göstərir. O gizli fəaliyyət göstərmir. Onun istehsal etdiyi siqaretləri biz xarici ölkələrdə ekspertizasını keçirdik. "Karvan", "Marxal" siqareti və s. və çox təhlükəli maddələr içərisində olduğunu müəyyən olundu".
Sədr bildirib ki, dövlət orqanlarına qarşı məsələ qaldırılıb. Lakin bu siqaret firması hələ də onu istehsal edir: "Dövlət orqanları qarşısında məsələ qaldırdıq. Bizə rəsmi sənədlər verdilər ki, bunlar doğrudan da təhlükəlidir. 40-50 qəpiyə şəhərin mərkəzində satılır. Bakıda da satılır və dəfələrlə onun istehsalçısı ilə söhbət etmişəm. İstehsalçı Şəkidədir. Mənə dedi ki, həmin siqaretləri Gürcüstana göndərəcək. Lakin bu siqaretlər yenə də Bakıda, ölkənin hər yerində, cənub zonasında - hər yerdə satılır".
Onun sözlərinə görə, valideynlər də bu haldan olduqca narahatdır: "Valideynlər mənə zəng vurur ki, 40, 50 qəpik uşaqlarımıza pul veririk ki, məktəbdə nəsə alıb yesinlər. Gedib siqaretə verib çəkirlər. Məişət narkomaniyasının artmasında, inkişaf etməsində təhlükəli siqaretlərin böyük rolu var. Ölkədə 2025-ci ilə qədər qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair strategiya mövcuddur. Bu strategiyaya görə, bu illər ərzində 10 faizə qədər tütündən istifadə azaldılmalıdır. Lakin biz görürük ki, daha da inkişaf edir, elektron siqaretlər və buna bənzər başqa vasitələrlə hələ bazara daxil olurlar. Tütün və tütün məmulatı haqqında qanunda dəfələrlə dəyişiklik olunub, lakin yerinə yetirilmir. Digər tərəfdən qəlyan da bazara girib. Yəni hökumətin tütünə qarşı mübarizə tədbirləri tam effektsiz bir şəkildədir".
Gülər Seymurqızı