8 iyl 2023 13:46
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin dəvətinə əsasən iyulun 8-də Daşkəndə səfərə yola düşüb.
Metbuat.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən "APA"ya verilən məlumata görə, Özbəkistan Respublikasına səfərin başlıca məqsədi sədr Məzahir Pənahovun Özbəkistanlı həmkarı ilə görüşünün keçirilməsi və bu ölkədə 2023-cü il iyulun 9-da növbədənkənar prezident seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir.
Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin Özbəkistanda seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyasının nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin seçki müşahidə missiyalarında da təmsil olunurlar.