METBUAT.AZ

Ölkə

Ödənişli parklanma ilə bağlı infrastruktur işlərinə

25 iyl 2023 16:37

Bakı şəhərinin mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir.

Metbuat.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, 4-cü parklanma zonasına daxil edilən ərazilərdə parklanma ödənişsizdir. Eyni zamanda qaydalara əsasən, digər zonalarda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər də müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.

25 iyul tarixində qüvvəyə minən qərarın icrası ilə bağlı tədbirlər mərhələli qaydada həyata keçirilir. Artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə işlərə başlanılıb. Görülən tədbirlər çərçivəsində mərkəz və 1-ci zonaları əhatə edən ərazilərdə infrastruktur işləri – yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin təşkili həyata keçirilməkdədir.

Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər nağdsız formada mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə həyata keçiriləcək. Tətbiq artıq hazırdır və yaxın günlərdə istifadəyə veriləcək. Proses başa çatdıqdan sonra ödənişli parklanmanın tətbiqinə ilkin olaraq mərkəz və 1-ci zona olmaqla mərhələli şəkildə başlanılacaq. Ödənişli parklanmanın tətbiq ediləcəyi hər bir küçə barədə əvvəlcədən məlumatlandırmanın həyata keçirilməsi nəzərdə tutulub. Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunacaq.

Yeni qaydalar tətbiq olunana qədər küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik.


metbuat.az.