20 iyl 2023 14:56
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Binəqədi və Nəsimi rayonları ərazisindən qanunsuz torpaq daşındığı müəyyən edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisindən "Kamaz" markalı, 99-LN-166 dövlət nömrə nişanlı, Nəsimi rayonu, 20 Yanvar metrosunun yaxınlığından isə "Kamaz" markalı, 90-CJ-533 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə torpaq daşındığı məlum olub.
“Faktlarla bağlı akt tərtib olunub. Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub. Daha sonra qanun pozucularının inzibati məsuliyyətə cəlb olunması üçün qanunamüvafiq tədbirlər görüləcək”, - deyib.