METBUAT.AZ

Gündəm

Prezidentin yeni xüsusi nümayəndəsi kimdir? -

18 iyl 2023 16:54

Xəbər verdiyimiz kimi, Elçin Əmirbəyov birinci vitse-prezidentin köməkçisi vəzifəsindən azad edilib, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Metbuat.az Elçin Əmirbəyovun dosyesini təqdim edir:

Elçin Oktyabr oğlu Əmirbəyov 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1988-ci ildə Bakı şəhərinin 164 nömrəli orta təhsil məktəbini qızıl medalla bitirib.

1992-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis-fransız tərcüməçilik fakültəsini fərqlənmə diplomu ilə bitirib.

İlk əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində referent-tərcüməçi qismində başlayıb. 1992–1993-cü illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsinin attaşesi və daha sonra üçüncü katibi vəzifələrində çalışıb. 1993-cü ildə o, Fransada Paris Beynəlxalq Dövlət İdarəçiliyi İnstitutunda diplomatik təhsilini alıb.

Daha sonra 1994-cü ildə Almaniyanın Oberammerqau şəhərində NATO Məktəbində (NATO School) və İtaliyanın Roma şəhərində NATO-nun Müdafiə Kollecində (NATO Defense College) xüsusi təlimlər keçib.

1995–1997-ci illərdə o, Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində ikinci katib olaraq fəaliyyət göstərib.

İlk uzunmüddətli xarici ezamiyyətdən Xarici İşlər Nazirliyinə geri döndükdən sonra o, ardıcıl olaraq 1998-ci ildə Beynəlxalq təşkilatlar İdarəsində birinci katib vəzifəsində, 1999-cu ildə həmin İdarənin Regional və beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri vəzifələrində çalışıb.

2000-ci ildə o, ABŞ-də Harvard Universitetinin Kennedy adına İdarəçilik Məktəbində beynəlxalq və milli təhlükəsizlik üzrə xüsusi kursu bitirib. 2001–2003-cü illərdə Brüsseldə (Belçika Krallığı) Azərbaycan Respublikasının NATO-dakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.


2003–2004-cü illərdə Nyu-Yorkda (ABŞ) Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində müşavir olaraq çalışıb.b

2004-cü ildən 2010-cu ilədək Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi kimi fəaliyyət göstərib, 2005–2010-cu illərdə həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrini icra edib.

Cenevrədə çalışdığı zaman o, 2008–2009 illərdə BMT-nin İnsan Hüquqları Şurasının Vitse-prezidenti və eyni zamanda məruzəçi qismində fəaliyyət göstərmişdir. O, həmçinin 2007-ci ildə BMT-nin Cenevrədəki Ofisində İslam Əməkdaşlıq Təşkilatının (IKT) üzv-dövlətlərinin səfirlər qrupuna bir il ərzində səd redib. Bundan əlavə, 2008-ci ildə səfir Elçin Əmirbəyov BMT-nin Cenevrədəki Ofisində Şərqi Avropa regional qrupuna daxil olan üzv-dövlətlərinin səfirlər qrupuna sədrlik edib.

Bununla yanaşı, 2005–2017-ci illərdə Azərbaycanın Müqəddəs Taxt-Tacda ilk səfiri qismində çalışıb. Vatikanda çalışdığı zaman 2008-ci ildə Roma Papası Onaltıncı Benedikt (Pope Benedict XVİ) tərəfindən Müqəddəs Gregori ordeni ilə təltif edilib.

Həmçinin, o, 2006–2010-cu illərdə Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib, dövlət qulluğunda birinci dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi vardır (2023).

E.Əmirbəyov 6 yanvar 2010-cu ildən 23 iyun 2017-ci ilədək Azərbaycan Respublikasının Fransa Respublikasında və eyni zamanda, Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.

Elçin Əmirbəyov fövqəladə və səlahiyyətli səfir diplomatik ranqına malikdir. 24 iyun 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifələrini icra edib.

İngilis, fransız və rus dillərini bilir.

Evlidir, iki övladın atasıdır.


metbuat.az.