METBUAT.AZ

İqtisadiyyat

Pul siyasətinin əsas istiqamətlərinə dair

6 iyl 2023 12:01

Pul siyasətinin əsas istiqamətlərinə dair tələblər dəyişir.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Mərkəzi Bank qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas istiqamətlərini oktyabr ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir və dekabr ayının 31-dək mediada ictimaiyyətə açıqlayır. Qüvvədə olan qanuna əsasən, pul siyasətinin əsas istiqamətlərini açıqlayarkən Mərkəzi Bank cari ildə həyata keçirilən pul siyasətinin yekunlarını, habelə qarşıdakı il üçün müəyyən etdiyi pul siyasətinin məqsəd və vəzifələrini, Mərkəzi Bankdan asılı olan və asılı olmayan amilləri də əks etdirməklə onların həyata keçirilməsi yollarını göstərir. Layihəyə görə, pul siyasətinin əsas istiqamətlərində növbəti il üçün inflyasiya hədəfi və ona nail olmaq üçün istifadə olunacaq pul siyasətinin əsas alətləri, habelə pul siyasətinin həyata keçirilməsinə təsir edə biləcək mümkün risklər göstəriləcək.

Hazırda pul siyasətinin həyata keçirilməsi məqsədilə buraxılan Mərkəzi Bankın borc qiymətli kağızlarının buraxılışı və dövriyyəsi qaydaları qanunvericiliklə müəyyən edilir. Layihəyə görə, Mərkəzi Bankın emissiya etdiyi qiymətli kağızların buraxılışı, yerləşdirilməsi, tədavülü və geri alınması şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən ediləcək. Mərkəzi Bank açıq bazar əməliyyatlarını tənzimlənən bazarla yanaşı digər ticarət sistemində də apara bilər.

Pul nişanlarının dizaynı isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılacaq.

Eyni zamanda Mərkəzi Bank kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydalarını, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına (pulsayan, nağd pulu emal edən və nağd pulun mədaxili və (və ya) məxarici əməliyyatlarını aparan digər avadanlıqlar) dair minimum tələbləri müəyyən edəcək.

Bundan başqa, Mərkəzi banka investisiya pul nişanları buraxmaq hüququ verilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


metbuat.az.