31 iyl 2023 15:22
“Türkiyə Superkubokunun Bakıya salınması üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik”.
Metbuat.az-ın məlumatına görə, bunu Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbek Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanan sponsorluq müqaviləsi zamanı deyib.
İstanbul nəhənginin rəhbəri əzəli rəqibləri “Fənərbağça” ilə həlledici qarşılaşmanın Bakıda keçirilməsini arzuladıqlarını etiraf edib: “Türkiyə Superkubokunun Bakıda təşkili çox yaxşı olar. “Qalatasaray”a Azərbaycanda olan maraq, sevgi Türkiyədəkindən fərqli deyil. Buna Bakıda olduğumuz zaman şahidlik etdik. Türkiyə Superkuboku Bakıya salınarsa, orada yaşayan insanlar da sevinərlər. Ümid edirəm ki, həmin oyun Bakıda keçirilər. Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək”.
Qeyd edək ki, Türkiyə Superkubokunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır.