METBUAT.AZ

İdman

"Qarabağ" səfərdə "Rakuv"a məğlub oldu

27 iyl 2023 00:20

Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasında təsnifat mərhələsinin növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu Polşada "Rakuv"un qonağı olub. "Miejski" stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar - 3:2.

Matçda hesab 55-ci dəqiqədə açılıb. Ağdam klubundan Elvin Cəfərquliyev avtoqol müəllifi olub. Oyunun 71-ci dəqiqəsində "Rakuv" ikinci topu Ağdam təmsilçisininqapısından keçirib. Bu dəfə Fabian Pyasetski fərqlənib. Məğlubiyyətlə barışmaq istəməyən "Qarabağ" Redon Cicanın 73 və 75-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdirib. Bununla belə, Polşa çempionu 90+1-ci dəqiqədə Sonni Kittellə qələbə topunu vura bilib.

Komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu cütün qalibi III təsnifat mərhələsində "Aris" (Kipr) - BATE (Belarus) matçının güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.


metbuat.az.