METBUAT.AZ

Siyasət

"Qələbəmizə aparan yol Tovuz döyüşlərindən başladı" -

12 iyl 2023 12:56

Bu gün Azərbaycan tarixində mühüm rola malik olan Tovuz döyüşlərindən üç il keçir.

Bu barədə Metbuat.az-a danışan politoloq İlyas Hüseynov bildirdi ki, Azərbaycanın nəqliyyat, kommunikasiya və neft qaz infrastrukturu keçən bölgəsində məkrli planı həyata keçirmək istəyən Ermənistan danışıqlarda üstünlüyə yiyələnməyə çalışırdı:

“Onların bu ərazini işğal altında saxlamaqla həm Qarabağın statusu ilə bağlı üstünlük, həm də Azərbaycanı fakt qarşısında qoymaq məqsədi güdürdü. Digər niyyətləri isə ola bilsin ki neft gəlirlərinə şərik olmaq, təhdidləri formalaşdırmaq və bununla da ölkəmizi pis duruma salacaq vəziyyət yaratmaq idi. Tovuz döyüşlərindən öncə Ermənistanın müdafiə naziri David Tonoyan “Yeni ərazilər üçün yeni müharibələ”r hərbi siyasi doktrinasını irəli sürmüşdü. Erməni generallar Gəncə və Naxçıvan ilə bağlı planlar qururdular. Hərbi xəritələrdə Azərbaycan əraziləri üzərində müxtəlif manevr imkanlarını nəzərdən keçirirdilər. Çox aqressiv davranış və sərt ritorika müşahidə olunurdu. Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndində “Qarabağ Ermənistandır və nöqtə” fikrini söyləmişdi. O, içkili vəziyyətdə Şuşada yallı gedirdi. Yəni, ölkəmizə qarşı çox ciddi, aşağılayıcı addımlar müşahidə edirdik”.


Həmin tarixlərdə Suriyada, Livanda olan ermənilərin mədəniyyət paytaxtımız Şuşaya köçürülmə mərasiminin Ermənistan dövlət televiziyasında nümayiş olunduğunu xatırladan politoloq ard-arda baş verən özbaşnalıqlarla separatçı qurumun ölkəmizə zərbə vuracaq və əhalimiz arasında mənəvi psixoloji sarsıntı yaradacaq addımlar atdığını vurğuladı. Amma Azərbaycan işğal faktı ilə razılaşmadı. İlyas Hüseynov qeyd etdi ki, bu təxribatlar qarşısında ordumuza təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atılması göstərişi verildi:

“Ermənistanın Azərbaycan ərazilərinə hücumu, Tovuz döyüşləri zamanı müdafiənin güclü qurulması, Qaraqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şücaət göstərilməsi və Azərbaycanın Milli Qəhrəmanları general mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhadətə yüksəlməsi milli oyanışa səbəb oldu. On minlərlə Azərbaycan gənci işğal faktı ilə razılaşmayaraq küçələrə axışdı. Ardınca onlar Prezidentin çağırışı ilə hərbi komissarlıqlara yazıldılar. Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirərək adlarını tarixə yazdırdılar. HəmAprel döyüşləri, həm də Tovuz döyüşləri qələbəmizə gedən yolda ilkin müjdəçi idi . Bu qələbənin qazanılmasında canından keçən şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət etsin!”.

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun rəşadəti və şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına Vətən müharibəsindəki qələbəmizə aparan yolun Tovuz döyüşlərindən başladığını qeyd edən Milli Məclisin deputatı Arzu Nağıyev Metbuat.az-a dedi ki, Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı, xalqın birliyi bir daha nümayiş olundu:


"Bildiyiniz kimi, Tovuz döyüşləri Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başladı.

Tovuz döyüşləri Ermənistan tərəfinin Azərbaycana qarşı əvvəlcədən planlaşdırdığı genişmiqyaslı təxribat idi. Lakin Ermənistan tərəfi məkrli niyyətinə nail ola bilmədi, əksinə, daha da çətin duruma düşdü. Bu döyüşlər düşmənə növbəti tarixi dərs oldu. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Qüdrətli Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu ağır itkilərə məruz qoydu. Tovuz döyüşləri ikinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin təməli oldu və bu döyüşlərdə əldə olunan qələbə torpaqlarımızın işğaldan azad olunmasına qədər davam etdi.

Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid oldular. Unutmayaq ki,zaman ötüb keçsə də, Tovuz döyüşləri Azərbaycan tarixinin səhifələrini əbədi olaraq qəhrəmanlıq nümunəsi kimi həkk olunub”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.