METBUAT.AZ

Siyasət

Qisas 3

3 iyl 2023 13:04

Xəbər verdiyimiz kimi, “Qisas-2” əməliyyatı nəticəsində Qarabağda qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Azərbaycan tərəfi humanizm prinsiplərindən çıxış edərək həmin cəsədlərin Ermənistana qaytarılmasını təmin edəcək və bu istiqamətdə sülhməramlılarla müvafiq təmaslar davam edir.

Son günlər Xankəndində işğalçı statusu daşıyan qüvvələrin yenidən silahlanması, Naxçıvan istiqamətində mütəmadi təxribatlar törətməsi fonunda Azərbaycanın “Qisas-3” əməliyyatına başlayacağı ilə bağlı fikirlər formalaşdırıb. Vəziyyəti şərh edən politoloq Məhəmməd Əsədullazadə Metbuat.az-a bildirdi ki, Ermənistan tərəfi yeni təxribatlara cəhd edərsə daha sərt addımlar atılacaq.

“Mən Ermənistanın bundan sonra dövlət sərhədində, həm Naxçıvan istiqamətində, həm də şərti sərhəddə yenidən hərbi eskalasiyaya əl atıb təxribatlara başlayacağını istisna etməzdim. Uzun müddətdir, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin gözləri önündə silahlı erməni birləşmələri Xankəndinə silah-sursat daşımaqda davam edir. “Qisas-2” əməliyyatından dərs almayan Ermənistan Qarabağda hələ də öz tör-töküntülərini saxlayaraq tərəflər arasında əldə olunan razılaşmalara uyğun davranmır. Hesab edirəm ki, Azərbaycana təzyiq etmək yolunu seçən Ermənistanın bu addımlarına qarşı Ordumuz ilin axırına kimi Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara başlamalıdır”.

Hazırda danışıqlar prosesinin də Ermənistan tərəfindən sobataj edildiyini ifadə edən politoloq qeyd etdi ki, silahlı erməni birləşmələri Azərbaycan postlarına hücumlar edə bilər.

“Erməni silahlı birləşmələrinin Qarabağda mühəndis istehkam postları tamamilə məhv edilməlidir. Rusiya sülhməramlı qüvvələri humanitar daşıma adı altında artıq helikopterlərlərlə Xankəndi, Gorus istiqamətində uçuşlar həyata keçirirlər. Həmin vertolyotların da silah sursat daşıma ehtimalı var. Bu proses çox ciddidir. Danışıqların davam etdiyi bir vaxtda Qarabağda silahlı erməni birləşmələrinin təxribatlar həyata keçirəcəyini istisna etmirəm. Təbii ki, separatçılar Moskvanın dəstəyi ilə idarə olunur. Rəsmi Bakı antiterror əməliyyatı keçirərək separatçıları məhv etməlidir”.

Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, Rusiya kontingentinin erməni silahlılarına kuryerlik etməsi birmənalı olaraq Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli birgə bəyanatın şərtlərinə tamamilə ziddir.


“İki il yarım bundan əvvəl ərazidən çıxarılmalı olan erməni silahlılarının ərazidə qalmasına zəmanəti də birmənalı olaraq rus kontingenti verir. Xankəndində erməni revanşistlərinin bu günə qədər Azərbaycan ərazilərində qalması bizim üçün qəbuledilməzdir. Azərbaycan tərəfi bu fəaliyyətlərin qarşısını alması üçün daha sərt addımlar ata biləcəyi, o cümlədən qisas əməliyyatının növbəti mərhələsini həyata keçirəcəyi də istisna deyil. Ermənistanı anlamaq asan iş deyil. Bizim ərazimizdə bu günə qədər Ermənistandan silahlıların qalması, onların İrəvan tərəfindən maliyyələşdirilməsi və idarə olunması təkzibolunmaz faktlardır. Bu faktlar Azərbaycana qarşı ərazi iddiası kimi dəyərləndirilməlidir. Xüsusən də erməni silahlılarının ərazimizdən çıxarılması üçün sulhməramlı qüvvələrə konkret zaman verilməlidir. Əks halda bir neçə istiqamətdən təmizləmə əməliyyatına başlaya bilərik. Ermənistan başına gələn bu qədər fəlakətlərdən sonrahələ də təxribata əl atırsa, görünür hadisələrdən dərsini almayıb. Bu da Azərbaycanı növbəti və daha sərt addımlar atmağa vadar edə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.