6 iyl 2023 15:27
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib.
Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin iclasının ölkəmizdə keçirilməsinin mühüm çağırışlar üçün vacib rol oynadığını ifadə edən millət vəkili Cavid Osmanov Metbuat.az-a açıqlamasında bildirdi ki, ölkəmiz bu platformadan istifadə edərək çox mühüm mesajlar verdi:
“Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyinədək bir o qədər təsiri və gücü olmayan bir təsisat kimi fəaliyyət göstərirdi. 2019-cu ildə məhz bu hərəkata üzv olan 120 ölkənin yekdil dəstəyi ilə Azərbaycan sədrliyə başlayandan sonra Qoşulmama Hərəkatı dünyada baş verən qlobal hadisələrə ədalətli mövqeyini nümayiş etdirən, geosiyasi proseslərə ən obyektiv və ədalətli qiymət verən bir təsisata çevrildi. Bu təşkilata üzv olan dövlətlər arasında birlik və koordinasiya üst səviyyəyə qalxdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər şəbəkəsi yaradıldı və parlament şəbəkəsi formalaşdırıldı. Bunun kökündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə atdığı mühüm addımlar dayanır. Hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev iclasın açılış mərasimində iştirak edərək bir sıra çox vacib mesajlar verdi. Cənab Prezidentin açıqlamaları təkcə Azərbaycanın deyil, bütövlükdə haqq və ədalətin bütün dünyaya çatdırılmasına kömək edəcəkdir. 44 günlük Vətən müharibəsinin gedişində iki dəfə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul edilməsi məsələsi gündəmə gəlmişdi və bu təşəbbüsü Fransa irəli sürmüşdü. Amma Qoşulmama Hərəkatının üzvlərinin qətiyyətli mövqeyi sayəsində Fransa və Ermənistanın istəkləri reallaşmadı, Azərbaycanın mövqeyi müdafiə edildi. Bu baxımdan da Qoşulmama Hərəkatı həmişə Azərbaycanın haqq savaşını və mövqeyini dəstəkləyib. Ümumiyyətlə,Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dönəmində, cənab İlham Əliyevin sədrliyi ilə təşkilatın nüfuzunu daha da artıra bildi”,- deyə deputat əlavə edib.
Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyini digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi baxımından mühüm inkişaflara nail olduğunu vurğulayan politoloq Züriyyə Qarayeva Metbuat.az-a açıqlamasında bildirdi ki, ölkəmiz əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərmişdir.
“Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır. Qoşulmama Hərəkatı Qarabağ münaqişəsində müəyyən dərəcədə faydalı olmaqla Azərbaycana dəstək verib. Qurum üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və İkinci Qarabağ Müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə davam ediblər. Daha sonra Qoşulmama Hərəkatı tərəfləri münaqişənin sülh yolu ilə həllinə çağırıb və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb. BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamələrin qəbul edilməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalsa da, Azərbaycanın 2011-ci ildən üzv olduğu və sədrlik etdiyi 120 ölkədən ibarət olan təşkilat 2020-ci ildə baş verən müharibədə rəsmi Bakı ilə eyni mövqedə dayanıb”.
Hazırda da Qarabağla bağlı yekun proseslərdə erməni lobbisinin, onun havadarı olan dövlətlərin səyi ilə Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə, BMT kimi universal qurumda sanksiya axtarışına çıxdığını qeyd edən politoloq xatırlatdı ki, onlar məhz hərəkata üzv 120 dövlətin vetosu ilə qlobal dəstək əldə edə bilmədilər.
“Prezident İlham Əliyevin də Bakıda Qoşulmama hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclasında çıxışı olduqca önəmli mesajlarla yadda qaldı. Qoşulmama hərəkatı tarixinə də nəzər yetirsək 1950-ci illərdə bu hərəkatın yaranmasına ehtiyac məhz həmin dövrdə müstəmləkəçilik siyasətinin mövcud olması ilə bağlı idi. Yəni, dünyada tüğyan edən müstəmləkəçiliyin qarşısının alınması məqsədilə ortaya belə bir ideya atıldı və Qoşulmama Hərəkatı yarandı. Son 10 illikdir ki, artıq Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada demək olar ki, 2-ci nüfuzlu təşkilat səviyyəsinə gəlib çatıb və mexanizmlərin işləkliyi, təsir imkanları baxımından da irəlidə olan təşkilatlar sırasındadır. Əlbəttə ki, bu irəliləmədə Azərbaycanın da öz payı var. Azərbaycan Qoşulmama hərəkatına xüsusən sədrlik etdiyi dövrdə Bandunq prinsiplərinin həyata keçirilməsinə öz tövhəsini vermişdir. Ölkəmizin xarici siyasəti bütövlükdə bu prinsiplər əsasında şəkillənmişdir”.
İlham Əliyevin Fransanın neokolonializm siyasətini yada salması tamamilə yerində olduğunu ifadə edən politoloq hesab edir ki, 50-ci illərdən bu siyasətə qarşı ciddi bir mübarizələr aparıldı və ciddi nəticələr də əldə olunsa da, amma, bu nəticələrin çox da uğurlu olmadığı ölkələrdən biri də Fransadır.
“Fransa hətta 21-ci əsrdə belə bu siyasətini davam etdirən bir ölkədir. Paris əlbəttə ki, mütləq şəkildə qınanmalıdır. Xüsusən də bu kimi prinsiplər əgər Qoşulmama Hərəkatının quruluş prinsiplərində, missiyasında, hədəflərində əgər başlıca prioritetdirsə, demək ki, belə bir təşkilatın iclasında da Fransa kimi ölkənin qınanması olduqca yerində atılan bir addımdır. Son dönəmlərdə də Fransanın Bandunq prinsipləri çərçivəsində qiymətləndirsək suverenlik, ərazi bütövlüyü, müstəqillik kimi amillərin üzərindən xətt çəkərək 30 il işğalçılıq siyasəti aparmış Ermənistanın yanında dayanması elə Fransanın özünün əsl mahiyyətinin nədən ibarət olduğunu göstərir. Cənab İlham Əliyevin mesajlarında da bu məsələlər qeyd olunmuş oldu. Fransanın daxilində gedən problemləri istər sosial, istər dini ayrıseçkiliyin mövcud olması əlbəttə ki, onun Azərbaycana dil uzatmağa haqqının olmadığını göstərir. Bu gün Fransa ermənidən çox ermənidir”.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə"Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.