METBUAT.AZ

Siyasət

Rusiya görüntü yaradır ki, guya təşəbbüs onun əlindədir -

26 iyl 2023 14:56

Dünən Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutub. Üçtərəfli görüşün yekunları üzrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistana parlamentarilər vasitəsilə üçtərəfli dialoqa başlamağı təklif edir.

Bu təklif sülh prosesində danışıqlara necə təsir edə bilər?

Metbuat.az -a danışan Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı bildirib ki, bu görüşlə bağlı gözləntilər o qədər də ciddi deyildi.

"Xarici işlər nazirlərinin Moskva görüşü ilə bağlı müəyyən ümidlər vardı, amma o qədər ciddi deyildi. Ümumi fikirlərlə kifayətləndilər ki, müəyyən nəticələr var, amma hələ irəliləyiş yoxdur. Bu fikirlər Azərbaycan tərəfini qane etməməlidir. Əgər hər hansı bir görüş keçirilirsə, o görüş xətrinə olunmalıdır, nəticəsi olmalıdır. Sadəcə olaraq ermənilər hələ vaxtı uzadırlar. Vaxtın uzadılmasında Rusiya və Ermənistanın maraqları üst-üstə düşür.

Təklif olundu ki, parlamentlər arasında görüşlər keçirilsin. Guya böyük bir kəşf oldu. Sonra deyəcəklər ki, Vətəndaş İnstitut Cəmiyyətləri arasında keçirilsin. Yəni bunlar hamısı əlavə köməkçi vasitələrdir. Bu vasitələrlə nəticəyə nail olmaq mümkün deyil, ancaq görüntü yaratmaq mümkündür. Azərbaycan və Ermənistan parlamentariləri arasında görüşlər keçirilməsinə o qədər də tərəfdar deyilik. Əlavə bir görüş müstəvisinin yaradılması heç verməyəcəkdir. Nəticə əldə olunmalıdır.

Nəticədə Rusiya da, Amerika da artıq ortaya mövqe qoymalıdır. Belə görünür ki, Rusiya məsələnin tezliklə bitməsində maraqlı deyil. Ancaq görüntü yaradır ki, guya təşəbbüs onun əlindədir. Yəni Amerika ilə Rusiyanın arasında mübarizə gedir, məsələnin həllinə çalışmırlar Ermənistanı sülhə məcbur etmək istəmirlər".

O bildirib ki, Azərbaycan verilən təklifləri təbii ki, rədd edə bilməz. Hazırda Moskva, Vaşinqton, Brüssel danışıqlarında iştirak etməlidir, amma ümid də etməməlidir:

"İnanmamalıdır ki, nəticə olacaq. Bu danışıqlarda sülh olmayacaq, sülh müqaviləsi imzalanmayacaq. Mənim qənaətim bundan ibarətdir. Sülh müqaviləsi yalnız bir neçə variantda imzalana bilər. Rusiya Ermənistanın qəti şəkildə qarşısına məqsəd qoymalıdır ki, sülh müqaviləsi imzalamalısınız, ona da Rusiyaya getməyəcək. Çünki müqavilənin imzalanmasında, regionda sülhün bərqərar olmasında Rusiya maraqlı deyil. Baxmayaraq ki, dünən Lavrov açıqlamasında dedi ki, onlar istəyirlər ki, regionda sülh sabitlik olsun. Diplomatlar bəzən demək istədiklərinin əksini deyirlər. Ona işarə edir ki, qədər ki, biz burdayıq, sülh sabitlik olmayacaq regionda. Çünki qədər ki, sülh yoxdur, Rusiya hərbi kontingenti regionda qalacaqdır. Ona görə Rusiya belə bir addım atıb Ermənistanı sülhə məcbur etməyəcəkdir. Amerikadakı digər variantı ondan ibarətdir ki, Amerika Qərblə birlikdə Ermənistanın qarşısına sərt tələb qoya bilər ki, məsələni bitirin. Orada onlar maraqlı görünmür. Ermənistan başa düşür ki, əgər Amerikanın sifarişi ilə addım atarsa, Rusiya müəyyən vasitələrlə prosesləri pozacaq".

Siyasətçi bildirib ki, burada üçüncü variant Azərbaycanın özünün güc amili ilə Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməsidir:

"Bunun üçün bir tərəfi güc amili olmalıdır. Necə ki indiyə qədər Azərbaycan yumşaq güc amili tətbiq edərək müəyyən addımlar atıb. Fərrux yüksəkliyi, Sarıbaba yüksəkliyi, Laçın dəhlizində postun qurulması - hamısı birətərəfli güclə bağlı olan addımlardır. Azərbaycan bu addımlara davam etdirilməlidir uyğun məqamı seçərək Xankəndinə girməlidir. Xankəndini yenidən öz nəzarətinə qaytarmalıdır. Yəni proses bundan ibarətdir. Hesab edirik ki, Azərbaycan Xankəndini qaytardıqdan sonra Ermənistan artıq sülh müqaviləsi imzalamağa məcbur olacaqdır yaxud imzalanmasa da özləri bilsinlər. Yəni bizim üçün o qədər onun əhəmiyyəti olmayacaq".

Gülər Seymurqızı


metbuat.az.