28 iyl 2023 11:09
Ali Məhkəmədə Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.
Metbuat.az "APA"ya istinadən xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayətində iş üzrə dəymiş ziyanın tam ödənilməsi və digər əsasların nəzərə alınması, məhkum şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsinin xahiş olunduğu bildirilib.
Hakimlər heyəti sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun kassasiya şikayəti qismən təmin edilib.
Ceyhun Cəfərovun cəzası 4il 6 ay, Tacəddin Novruzovun cəzası 4 il 5 aya, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev və Rəcəb Hüseynov cəzaları 4 il 4 aya endirilib.
Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay azadlığdan məhrum edilib.
Sonradan Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib. Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya endirilib.