METBUAT.AZ

Siyasət

Şərtlərimizi qəbul etmirlərsə, otursunlar yerlərində -

27 iyl 2023 11:41

Ermənistan heç bir razılaşma aparamadan İrəvandan Xankəndiyə 19 maşından ibarət "humanitar yük" göndərir. Aİ-nin Ermənistandakı Missiyası və diplomatik korpusu da prosesi izləmək üçün əraziyə gəlib. Azərbaycan XİN bunu təxribat adlandırıb və qarşı tərəfdən bu təxribatlardan əl çəkməsini tələb edib. Azərbaycan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” və digər alternativ yolları tövsiyə edir.

Digər bir məsələ isə Ermənistanın bu şousu ilə dünya mediasında təxribata əl atmasıdır. Belə ki, ermənilər sosial şəbəkə hesablarında Azərbaycana qarşı təxribat törədirlər.

Məsələ ilə bağlı Metbuat.az-a danışan siyasi jurnalist Zərdüşt Əlizadə deyir ki, Azərbaycan Laçın postundan yüklərin keçirilməsinə icazə verə bilər. Lakin burada şərtlər var:

"Yüklərin Laçın postunda o halda mümkün ola bilər ki, Qarabağ erməniləri gələcəkləri ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlara başlasınlar. Üstəlik Qarabağın təchizatını Ağdam -Xankəndi yolu ilə təmin etsinlər. Əgər onlar bizim şərtimizi qəbul etsələr, biz onda yükləri buraxa bilərik. Əgər qəbul etmirlərsə, otursunlar yerlərində. Nə qədər istəyirlər yalandan qışqırsınlar ki, biz acından ölürük. Əslində, öz bloqçuları çəkib paylaşırlar ki, Xankəndi bazarları boldur, heç kim acından ölmür".

Zərdüşt Əlizadə prosesi izləmək üçün əraziyə gələn Aİ-nin Ermənistandakı Missiyasının nümayəndələrinin fəaliyyətini belə qiymətləndirir:

"Lap yaxşı. Gətirsinlər. Sonra? Onlar bizə nə edəcklər? Heç nə edə bilməzlər. Onların boş-boşuna olan bəyanatlarına heç kim fikir vermir".

Gülər Seymurqızı


metbuat.az.