METBUAT.AZ

Sosial

"Siqaretin qiymətinin qaldırılması səmərəli yol deyil" -

6 iyl 2023 14:02

Şəkidə 5 ildir təhlükəli siqaret istehsal edən sexin fəaliyyəti ilə bağlı məlumat vermişdik. Bu barədə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirmişdi ki, xüsusən primitiv üsullarla istehsal olunan filtersiz, yüngül siqaretlərin tərkibində sağlamlıq üçün zərərli maddələrin olduğu aparılan ekspertiza nəticəsində aşkar edilib.

Sədr qeyd etmişdi ki, dövlət orqanlarına qarşısında bu məsələ dəfələrlə qaldırılsa da, hələ də istehsal prosesi davam etməkdədir.

Bütün dünyada siqaret və tütün məhsullarının istifadəsi ilə mübarizə aparılır. Bu istiqamətdə sonuncu dəfə Nazirlər Kabinetinin 14 mart 2022-ci tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik təsdiq edilib.

Qərara əsasən, idxal edilən, tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün aksiz dərəcəsi 43,0 manatdan 46,5 manata qaldırılıb. Burada əsas məram büdcəyə gəlirləri artırmaq deyil, həm də tütün məmulatlarının istifadəsini azaltmaqdır.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov Metbuat.az-a açıqlamasında dedi ki, o, siqaret və tütün məhsullarına əlçatanlığın azaldılması üçün bir sıra qaydaların tətbiqini vacib sayır:

“Xüsusəndə azyaşlıların siqaret və digər tütün məmulatlarına əlçatanlığının azaldılması üçün məktəblər, eləcə də təhsil ocaqlarına yaxın ərazilərdə tütün məmulatlarının satışının qadağan edilməsi və məhdudlaşdırılması daha məqsədəuyğundur. Çünki nəticədə həmin ərazilərdə siqaret satışı bir növ bir təşviqedici xarakter daşıya bilər”.

Millət vəkili problemdən çıxış yolu kimi siqaretin qiymətinin yüksəldilməsini səmərəli hesab etmir.

“Qiymətin artırılması tələbin azalması baxımından düzgün sayılmır. Çünki qiymət bazarda tələb və təklifə, eyni zamanda onun xərcinə uyğun olaraq müəyyənləşməlidir. Amma daha çox digər maarifləndirilmə ilə bağlı işlər aparılmalıdır. Xüsusən də qapalı yerlərdə siqaretin çəkilməsi qadağası tətbiq edilsə də, buna riayət edən az insan var. Bunun da icrası üçün ciddi nəzarətin formalaşmasına ehtiyac var. Nəticədə biz bu sahədə azyaşlıların siqaretə əlçatanlığının azalmasını müşahidə edə bilərik”-, deyə V.Bayramov qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.