METBUAT.AZ

Gündəm

"Taxıl sazişi" dayandı -

18 iyl 2023 10:38

Dünən Rusiya "Taxıl sazişi"ndən ayrılıb və sazişin müddəti uzadılmayıb. Gözlər yenidən Türkiyəyə çevrildi. Rəcəb Tayyip Ərdoğan avqust ayında Rusiya Prezidenti Putinlə bu məsələni yenidən müzakirə edəcəyini bildirib.

Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu. Saziş imzalandıqdan bugünədək 1000-dən çox gəmi ilə 33 milyon ton taxıl danışıb.

Avropa ölkələri 40 faiz, asiya ölkələri 30 faiz, Türkiyə 13 faiz, Afrika ölkələri 12 faiz, Orta şərq ölkələrinin isə 5 faizi bu bölgüdən yararlanıb. Gəmilərlə arpa, buğda, soya, şəkər çuğunduru, noxud, günəbaxan yağı daşınıb.

Rusiyanın qərarından sonra bazarda hansı dəyişiklikər olacaq? Bahalaşma olacaqmı?

Məsələ ilə bağlı Metbuat.az-a danışan iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, Rusiyanın saziş barədə bu qərarı gözlənilən idi:

"Rusiyaya saziş çərçivəsində vəd edilənlər kollektiv qərb tərəfindən verilmədi. Demək olar ki, Rusiya bu saziş çərçivəsində Ukrayna taxılının ixracatına, daşınmasına icazə versə də, Rusiyanın xarici bazarlara bu kanalla taxılının çıxarılması və Rusiyanın müvafiq bankının, müvafiq hesablaşmalarla yaradılması imkanı kollektiv qərb tərəfindən bloklandı. Hesab edirəm ki, bu sazişin ortaya gəlməsi Rusiyanın Türkiyədə Prezident seçkilərində Ərdoğana Rusiyanın milli maraqları çərçivəsində dəstəyi ilə bağlı idi. Faktiki olaraq Rusiya Ərdoğana dəstək verərək bu sazişə getdi. Sazişin reallaşması Türkiyənin hazırkı rəhbərliyi üçün böyük iqtisadi və siyasi dividendlər vermiş oldu.Hesab edirəm ki, razılaşma o halda mümkün ola bilər ki, Rusiya da öz taxılını bu kanal üzrə dünya bazaırna çıxara bilsin. Avqust ayında Rusiya və Türkiyə prezidentləri arasında bu istiqamətdə danışıq gözlənilir".


Ekspert bildirir ki, sözügedən saziş yenidən imzalanana qədər taxıl bazarında bahalaşma ola bilər:

"Ona qədər taxıl bahalaşa bilər. Bəllidir ki, Ukrayna və Rusiya taxıl bazarında kritik dərəcədə böyük paya malikdirlər. Bu iki ölkənin sözsüz ki, bazarda mövqeyinin dəyişməsi taxıl bazarına təsir edir. Hazırda Ukrayna taxılını bazara çıxarmaqda problem yaşayır. Bu da Rusiya tərəfinə taxıl bazarında qiymətləri diktə etməsi üçün şərait yaradacaq. Düşünürəm ki, əgər saziş avqust və sonrakı dövrdə uzadılmasa, qiymətlər payıza doğru kəskin artacaq. İlk növbədə taxıl idxalçıları əziyyət çəkəcək".

Azərbaycana gəlincə, ekspert hesab edir ki, saziş imzalanmasa ilin sonuna yaxın ölkəmiz də bu prosesdən təsirlənəcək:

"Azərbaycan Rusiya ilə müvafiq razılaşmalar əsasında tədarük edib. Azərbaycanın da taxıl idxalından asılığı onu deməyə əsas verir ki, əgər saziş imzalanmasa, dünyada qiymətlər artacaq. Bu, ilin sonuna yaxın Azərbaycanda da qiymətlərin artmasına səbəb ola bilər. Taxıl sazişinin imzalanması dünya bazarında sabitlik üçün məqsədəuyğndur. Qeyd etmək istəyirəm ki, kollektiv qərb əgər öz öhdəliklərinə əməl etsə, yalnız bu halda dayanıqlı şəkildə "Taxıl sazişi"nin mümkünlüyü barədə konkret fikirlər demək olar".

Gülər Seymurqızı


metbuat.az.